"Neftçi"də SON DƏQİQƏ: Büdcə artırılır, bahalı legionerlər alınır…

4 Dekabr 2022 19:40 Neftçi 2 269
"Neftçi"də SON DƏQİQƏ: Büdcə artırılır, bahalı legionerlər alınır…

Xəbər verdiyimiz kimi, «Neftçi»nin yeni rəhbərliyi bu ay daha bir toplantı keçirəcək.

Yığıncağın dekabrın ikinci yarısında təşkili planlaşdırılır.

İclasda klubun növbəti illə bağlı görəcəyi işlər müzakirə olunacaq. Burada bir sıra mühüm qərarların verilməsi gözlənilir.

Təbii ki, gündəmdə olan bir nömrəli məsələ əsas komandayla əlaqədardır. «Ağ-qaralar»ın Lorentsiu Regekampfla vidalaşması qarşıdakı oyunlardan asılıdır.

Düzünü demək lazımdırsa, istər funksionerlər, istərsə də Müşahidə Şurasının yeni üzvləri baş məşqçidən narazıdır və bu, dünənki toplantıda da açıq ifadə olunub.

İclasda rumıniyalı mütəxəssisin gözləntilərin altında qalmasına dair fikirlər səsləndirilib və bildirilib ki, onun şəxsi həyatıyla bağlı xarici mediada çıxan xəbərlər klubun da reputasiyasına kölgə salır.

Rege bu ilin iyununda iş başına gətirilib. Tərflər arasında 2 illik müqavilə imzalanıb.

Komanda onun rəhbərliyi altında avrokuboklara erkən vida eləyib. Konfrans Liqasının ikinci mərhələsində «Rapid»ə (Vyana) uduzaraq, mübarizəni dayandırıblar.

Klubun Müşahidə Şurasının yeni sədri seçilən Rövşən Nəcəf futbol fanatıdır. O, yalnız top qovmağı xoşlamır, eyni zamanda, futbolu analiz etməyi bacarır.

Bu sahənin inkişafı ilə bağlı fikirləri var və yaxın çevrəsi SOCAR prezidentinin «Neftçi»ni necə sevməsindən xəbərdardır.

Klubla əlaqəli bütün qərarlar indən belə onunla razılaşdırılacaq. İcazəsi olmadan büdcədən 1 manat da harasa xərclənməyəcək. Hər qəpiyin hesabatı veriləcək.

Rövşən Nəcəf «Neftçi»nin avrokuboklarda ikinci «Qarabağ» olmasını istəyir. Son iclasda «ağ-qaralar»ın əvvəlki əzəmətini geri qaytarmaq üçün bu yola çıxdıqlarını bildirib.

Deyib ki, inkişaf naminə istənilən addımı atacaq.

Büdcə? Bəli, o da artacaq. Özü də bir neçə dəfə.

Səviyyəli legionerlərin alınması? Bəli, onlar da alınacaq. Kifayət qədər yaxşı qiymətə.

Daha nə? Biz qarşıdakı dönəmlərdə «Neftçi»nin ev oyunlarında daha çox azarkeş görəcəyik. Tərəfdarların stadiona cəlb olunması üçün bütün vasitələrdən istifadə ediləcək.

Sonra… Bir az səbrinizi basın və saytmızı izləməkdə olun. Daha bir neçə informasiya almışıq və söz veririk ki, həmin bilgiləri də oxucularımızla bölüşəcəyik.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti