"Neftçi"yə nəzarət AFFA-dan alındı - Hər şey dəyişəcək, SÜPRİZLƏR OLACAQ!

4 Dekabr 2022 13:00 Neftçi 1 960
"Neftçi"yə nəzarət AFFA-dan alındı - Hər şey dəyişəcək, SÜPRİZLƏR OLACAQ!

"Neftçi" dekabrın 1-də, gecədən xeyli keçmiş, saat 23:00 radələrində bir rəsmi açıqlama yaydı.

Müşahidə Şurasının (MŞ) tərkibində dəyişikliklər edilməsiylə bağlı.

Sportinfo.az bundan təqribən 2 saat öncə klubdakı toplantı barədə oxucularına eksklüziv məlumatı çatdırmışdı… (https://www.sportinfo.az/idman_xeberleri/neftci/136656.html)

Əvvəlki MŞ sədri Çingiz Abdullayevi SOCAR prezidenti Rövşən Nəcəf əvəz edib.

Həmçinin elm və təhsil naziri Emin Əmrullayev, Xarici Kəşfiyyat Xidmətinin rəisi, general-polkovnik Orxan Sultanov, Elnarə Məmmədova və Hafiz Zeynalov Müşahidə Şurasına yeni üzv seçiliblər.

Zaur Qəhrəmanovla Səməd Qurbanov əvvəlki kimi MŞ-da fəaliyyətini davam etdirəcək. Şuranın əvvəlki üzvlərindən Cəbrayıl Cəbrayılov, Fərhad Bədəlbəyli və Mehdi Nəcəfov buradakı vəzifəsindən ayrılıb.

Gecənin bir çağı açıqlanan bu xəbər aydın səmada ildırım kimi çaxdı. Halbuki saytımız informasiyanı tirajlayan dəqiqələrdə reaksiyalar birmənalı deyildi.

Redaksiyamızla əlaqə saxlayan futbol adamları, o cümlədən, tanış azarkeşlər «Neftçi»də islahatların aparılmasına elə bil inanmaq istəmirdilər.

Xəbərə hardasa bir qədər ehtiyatlı yanaşırdılar. İki saat çəkmədi, klub yaydığı rəsmi açıqlama ilə paylaşdığımız informasiyanı doğruladı.

Bir qədər də keçmişə qayıdıb yada salaq ki, paytaxt təmsilçisində gözlənilən islahatlar barədə saytımız hələ noyabrın 7-də anons etmişdi.

«SOCAR-ın prezidenti "Neftçi"dən narahatdır, problemlərin araşdırılmasını tapşırdı» başlıqlı məlumatda qarşıdakı hadisələrin konturlarını açmışdıq.

Nə olacaq, nə olmayacaq, gerçək ümumi mənzərə haqda bilgilərimizi oxucularımızla bölüşmüşdük. Neft şirkətindəki dostlarımızın redaksiyamıza verdiyi xəbərlərdən anlaşılmışdı ki, islahatların əhatə dairəsi bu dəfə kifayət qədər böyük olacaq.

Bu, gerçəkdən belədir. Əldə etdiyimiz məlumatlara istinadən söyləyə bilərik ki, «Neftçi»nin həyatında yeni mərhələ başlayır.

Startı verilən dəyişim projesi ən yüksək səviyyədə razılaşdırılıb. Bizim bilməli və diqqət yetirməli olduğumuz əsas məsələ budur.

Uzun illərdir böhran yaşayan «Neftçi»nin vəziyyəti ən üst qatda geniş müzakirə edilib və müvafiq addımların atılması qərara alınıb.

«Ağ-qaralar»ı yaxın tarixdə daha bir neçə SÜRPRİZLƏR gözləyir. Bakılı fanatlar gözdə-qulaqda olsun, SOCAR «Neftçi»ni inkişaf etdirməklə bağlı xüsusi və uzunmüddətli inkişaf layihəsi üzərində işləyib, tezliklə onun icrasına başlanacaq.

Klubun müstəqil şəkildə idarə ediləcək. AFFA-dan, onun sabiq icraçı vitse-prezidenti Elxan Məmmədovdan asılılığı müvəqqətidir.

Bu periodun arxada qalması gün məsələsidir. 2014-cü ildən etibarən tədricən AFFA-nın nəzarətinə keçən və ötən zamanda sırf federasiya tərəfindən yönəldilən paytaxt təmsilçisi «tör-töküntülər»dən təmizlənəcək.

Yenə inanmaq istəmirsiz? Nə deyirik, yaşayıb görərik.

Üzdə olan və olmayan bəzi idarəçilərə əşyalarını toplamaq lazım gələcək. bu adamlara artıq belə bir xəbərdarlıq edilib. Hələlik şifahi formada. Özləri yerlərindən tərpənməsə, «gedin» göstərişi veriləcək.

Amma yəqin ki, bu məsələ o səviyyəyə çatmayacaq. Bu xına o xınadan deyil, başa düşürlər ki, dəyişiklik tapşırığı üst səviyyədə verilib və ona qarşı çıxmaq olmaz. Bu, yolverilməzdir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti