"Neftçi"nin yeni rəhbərliyinin menyusuna – Günahkar yalnız futbolçulardımı?

3 Dekabr 2022 16:00 Neftçi 663
"Neftçi"nin yeni rəhbərliyinin menyusuna – Günahkar yalnız futbolçulardımı?

Hələ mövsüm ekvator xəttinə çatmayıb, «Neftçi» turnir cədvəlində özündən yuxarıda qərarlaşan iki rəqibə - «Qarabağ»a 3, «Sabah»a 2 dəfə uduzub.

Xal fərqi aradakı uçurumun böyüklüyünün sübutudur.

«Neftçi» bu oyunların heç birində yaxşı performans sərgiləməyib. Uzaqbaşı, bir hissə müqavimət göstərib, sonra ağ bayraq qaldırıb.

Dünən də o günlərdən biri idi. Yusuf Lavalın cərimə meydançası daxilindən qapıya istiqamətləndirdiyi top dirəyi dəyib meydanı tərk edəndə, dəqiqələr 44-ü göstərirdi. «Neftçi» o anadək qonaqların müdafiə xəttini narahat edəcək bir epizod da yaratmamışdı.

Topa həsrət qaldılar. Rəqib oyunçuların kölgəsində gizləndilər. Pressinq etmək ağıllarına gəlmədi. Zonalar arasında məsafəni böyük saxladılar, qısaltmadılar. Nə birinci, nə də ikinci hissədə.

Ara pasları və kəsmə ötürmələr, onsuz da, ağır görünən müdafiə xəttini məcbur etdi ki, səhvləri muncuğa düzsün. Orta sahəyə nəzarəti «Qarabağ»a təhvil verən ev sahibləri, görəsən, bu gün nəzir-niyaz paylayacaq?

0:4-ə sevinməlidirlər, gerçəkdən. Hesab 7-8 topluq fərqlə tablodakı əksini tapmalıydı. İvan Brkiç elə ilk yarıda neçə epizodda «Qarabağ»ın fərqlənməsini önlədi.

«Neftçi» tərəfdən matçın ən yaxşısı xorvatiyalı qapıçı seçilməlidir. Qələbə üçün nə qədər mükafat təyin ediblərsə, hamısını gətirib İvana verməlidirlər.

Komandanı rüsvayçı hesabla uduzmaqdan qurtardığı üçün. Heç olmasa, buna görə xorvata mükafat ödəməyə dəyər.

Komanda yoldaşları? Derbidə meydana çıxan «Neftçi»nin futbolçuları o formanın dəyərini anlamadı, yerə vurdu.

Oyundan öncəki gün Müşahidə Şurası yeni tərkibdə ilk dəfə bir araya gəlmişdi və verilən rəsmi açıqlamalardan aydın olur ki, iclasda çox ciddi məsələlər müzakirə edilib.

Şuranın ağırçəkili təmsilçiləri toplantıdan sonra komanda üzvləri ilə görüşmüş, derbidə uğurlar arzulamış, onlara dəstək vermişdi.

Ötən gün onların hamısı stadionda idi.

«Qarabağ» yeni rəhbərliyinin gözü qarşısında meydana çıxan «Neftçi»yə 4:0-la çox şeyi sübut etdi.

İlk növbədə onu sübuta yetirdi ki, «halva-halva» deməklə ağız dada gəlməz, mütləq ortaya əmək qoyasan. Rəhbəri, idarəçisi, icraçısı, məşqçisi və sonda futbolçusu ilə!

«Qarabağ» və «Sabah»a mövsümün əvvəlində üst-üstə 5 dəfə uduzasan, bu da yalnız sırf oyunçularla bağlı olsun - mümkün deyil.

Səbəb futbolçulardırsa, səbəbkarlar yuxarıda əyləşənlərdir. Bu məşqçini, bu heyəti onlar yığıb.

Nə tökərsən qabına, o da çıxar qarşına. Cavabdehlərin kimliyini bəlli etmək bu qədər sadə və asandır.

\ELXAN

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!