"Neftçi"yə XƏBƏRDARLIQ: "Qarabağ"ın xüsusi işlənmiş..."

2 Dekabr 2022 17:20 Neftçi 757
"Neftçi"yə XƏBƏRDARLIQ: "Qarabağ"ın xüsusi işlənmiş..."

"Çox maraqlı oyun olacaq.

Hər iki komandaya uğurlar arzu edirəm, inşallah, derbiyə layiq oyun olar".

Bu fikirləri Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində bu gün baş tutacaq tarixi derbi - "Neftçi" və "Qarabağ" arasındakı qarşılaşma barədə Sportinfo.az-a Füzuli Məmmədov deyib.

"Neftçi"nin sabiq çalışdırıcısı "Qarabağ"ı matçın aşkar favoriti hesab etdiyini bildirib:

"Belə oyunlara tərəflər xüsusi hazırlaşır. "Neftçi" son oyunlarda "Qarabağ"ı məğlub edə bilmir. Ağdamlılar belə çətin oyunlara alışmış kollektivdir.

Baxmayaraq ki, səfərdə oynayacaq, yenə də dominant oynamağa çalışacaq. "Neftçi" doğma meydanda oynasa belə çətin olacaq.

Çünki rəqibin heyəti çox güclüdür. Əslində heç "ağ qaralar"ın heyəti də o qədər zəif deyil.

Düşünürəm ki, düzgün plan qurub və bu planı meydanda düzgün icra etsələr qonaqlara çətinlik yarada bilərlər. Amma dediyim kimi, "Qarabağ" güclüdür və qalib gəlməyi daha real görünür".

Füzuli müəllim "ağ qaralar"ın baş məşqçisi kimi komandanı bir neçə dəfə "Qarabağ"la derbiyə çıxarıb.

Bu oyunla bağlı böyük təcrübəsi olduğu şübhəsizdir. Maraqlıdır, belə qarşılaşmalardan əvvəl baş məşqçilər xüsus olaraq nələrə diqqət edir, oyunçulara hansı tapşırıqları verir?

"Mütləq "Qarabağ"ı düzgün analiz etmək lazımdır. Futbolçu bilməlidir ki, harada və necə müdafiə olunmalı, necə hücum etməlidir.

Taktiki cəhətdən doğru hazırlaşmaq vacibdir. "Qarabağ"ın xüsusi işlənmiş gedişləri var. Bunlar futbolçulara mütləq göstərilməlidir.

Motivasiya baxımından futbolçular oyunun mahiyyətin gözlən başa düşürlər. Əlbəttə, ən önəmlisi psixoloji olaraq komandanı belə oyuna hazırlamaq sırf məşqçilər korpusunun üzərinə düşür. Lakin tək psixoloji hazırlamaq da yetərli deyil".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti