"Neftçi"dən sevindirən və üzən - Bu, azarkeşləri razı sala bilməz!

29 Noyabr 2022 23:00 Neftçi 671
"Neftçi"dən sevindirən və üzən - Bu, azarkeşləri razı sala bilməz!

“Neftçi” “Səbail” üzərində gözlənilən qələbəni qazandı – 3:1.

Amma gözlənilən oyunu göstərmədi.

Əgər ikinci yarı şans Bayıl təmsilçisindən üz döndərməsəydi, bu gün ən yaxşı halda “ağ qaralar” bərabərliyə sevinirdi.

Mahmud Qurbanovun yetirmələri hətta 15-20 dəqiqə meydanda elə mübarizə apardılar ki, meydan sahiblərinin göz açmağa macalı olmadı.

Gah top dirəkdən döndü, gah Brkiç yaxşı oynadı, gah da “Səbail”li futbolçular bərbad zərbələrlə yadda qaldılar.

Hər an bərabərlik qolunun gələcəyi məqamda “Neftçi” penal vurmaq hüququ qazandı. Əgər birinci olsa, tam başqa gedişat bizi gözləyə bilərdi. Amma Mahmudovun het-triki ilə fərqi artırması qarşılaşmada da intriqanın ölməsinə səbəb oldu.

Düzdü, ilk hissəni Emin Mahmudovun yeganə qolu ilə tamamlayan Regekampfın yetirmələri, ikinci yarının əvvəli yenə kapitanın sayəsində fərqi artırmaqla yaxşı üstünlük yaxaladı.

Ola bilər ki, bu da sonrakı gedişata mütləq təsir etsin. Amma məsələ odur ki, “Neftçi”nin ilk hissədə də göstərdiyi oyun o qədər baxımlı, ürəkaçan deyildi.

Görünür, bu gün komandanın “Qarabağ” və “Sabah”dan geri düşməsi heç də yalnız adçəkilən komandaların güclənməsi yox, həm də özlərinin zəifləməsi ilə bağlıdır.

Artıq 15 tur arxada qalıb, hələ də oyunlarda stabil “Neftçi” görə bilmirik. Gah bir oyun yaxşı keçirirlər, gah da bir hissə.

Belə gedişat sonda elə ən yaxşı halda üçüncü pillədə qalmağa yetərli ola bilər. Bu isə təbii ki, heç bir “Neftçi”lini razı sala bilməz.

Bu qəlbəyə də sevinə bilərlər, amma sabaha ümidli deyillər.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti