"Neftçi" geri gedir… Gərək "Qarabağ"ın adını dilinə gətirməsin

28 Noyabr 2022 09:40 Neftçi 1 084
"Neftçi" geri gedir… Gərək "Qarabağ"ın adını dilinə gətirməsin

İki həftəlik fasilə «Neftçi»nin işinə yaramayıb.

Lorentsiu Regekamf bu boyda vaxtı boşa verib, əlini ağdan qara vurmayıb.

Komandanın oyununda qram da irəliləyiş nəzərə çarpmadı. «Səbail»i məğlub etmək? Hesabın 3:1 olmasına baxmayaq e, oyun yoxdur, oyun!

Rege papağını gündə 6 dəfə göyə atıb-tutsun ki, Emin Mahmudov var burada.

Kapitan əksər komanda yoldaşlarından fərqli olaraq, əla formadadır və sabit çıxış edir. Vurduğu birinci qol, sadəcə, şedevr!

Fərqləndiyi penalti epizodlarında da şübhə yox idi – «Səbail»in müdafiə xətti aşkar qayda pozuntularına yol vermişdi.

Rumıniyalı baş məşqçi gündəlik işiylə məşğul olmur. Amma özünü çox sakit aparır. Hee nə olmamış kimi.

Sanki belə də olmalıymış kimi. Elə bil, hiss etdirməyə çalışır ki, o, burada qalmağa daha maraq göstərmir və komanda da nəzarətindən çıxıb.

Arxa xətt zay gündədir. Zay e, zay! Day deyiləsi deyil! Nə kobud səhvlərə yol verdilər.

Hesab 2:0 olandan sonra tamam «boşaldılar», özlərini heç cür yığıb-yığışdıra bilmədilər. Cəhd də etmədilər.

Növbəti 10-15 dəqiqə ərzində o ki var boşluqlar göründü birinci zonada. Ev sahiblərinin Allahı gətirdi ki, tir və dirək İvan Brkiçlə dostluq etdi, bəxt də yardıma vaxtında yetişdi.

Rege matçdan sonra bir düz söz dedi. Dedi ki, «Qarabağ» belə səhvləri bağışlamır. Eh, adamın fikri yenə «Qarabağ»ın yanında qalıb.

Çempionatda qalmaq uğrunda mübarizə aparan rəqibin əlindən 3 xalı güclə alan komandanın baş məşqçisi gərək«Qarabağ»ın adını dilinə gətirməsin, müqayisə etməsin.

Yeri yoxdur, «Neftçi» qızıl-gümüşə iddialı təsir bağışlamır.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 11:20 "Qarabağ" səssiz qaldı