“Neftçi” kim(lər)insə şəxsi mülküdürmü?

27 Noyabr 2022 14:00 Neftçi 434
“Neftçi” kim(lər)insə şəxsi mülküdürmü?

Böyüklüyü qorumaq – böyük düşüncələrdən keçir! Böyüklər üçün nəzərdə tutulan mərtəbələrdə böyüklər olar… Əksi olanda fəlakət baş verir, anarxiya, xaos hökm sürür… Kiçik düşüncəlilər böyük yükü daşıya bilməz!

Strateji, taktiki bilik, cəsarət, liderlik keyfiyyətləri olmadan zamanında qazanılmış uğurlar bir anda da əriyə bilər. Böyük imperiyalar səriştəsiz “böyük”ləri ilə dağılıb, dağıdılıb, o ki ola klub(lar)… Böyük zirvələr əziyyətlə qazanılır, bəhanələrlə, vaxt udmalarla, nağıllar aləminə baş vurmaqla yox!

“Neftçi” adı Azərbaycan futbolunda özünə yer etmiş, formalaşmış, uzun illər ağrılı-acılı yollar keçmiş, məhv olunması mümkün olmayan böyük bir varlıqdır! Böyük adını, məsuliyyətini dərk edənlər, işini bacaranlar, əziyyət çəkə-çəkə “Neftçi” böyüklüyünü qoruyar, yeni-yeni zirvələr fəth edər…

Yerində olmayanlar, min yola əl atıb yerlərini qorumağa çalışarlar, ata-babalardan miras qalmış, var-dövlət içində üzən klub/imperiyanı viranə qoyarlar. Zəiflədilmiş, gücünü itirmiş böyük qarşısında fərqli sabahlar açılar, günəşin hərarəti istiqamətini dəyişər, yeni məkanları isidər…

Böyük – enerjisi ilə ətrafa günəş saçar, öz gücünü itirməz, planetlərin Günəş ətrafında fırlanıb qidalandığı kimi… Böyüklər alışıb yanaraq güc mənbəyinə çevrilər, ətrafda fırlanmazlar! Cılız beyinlər cır meyvə kimidir, sulu, təravətli, keyfiyyətli bar verməz!

Nə qədər gözoxşayan təbii ot örtüyü olsa da, meydana bir alaq otu düşdükdə, vaxtında təmizlənməsə, yox edilməsə, kök salacaq, ətrafı məhv edəcək, ən yaxşı halda mövsümdə təsadüfi qələbələr kimi bir-iki dəfə yaşıllaşmaqla baş aldadacaq…

Yaxşı bağbanı olmayan yerə vəsait ayır, transferlər elə, gül-çiçək ək, xeyri olmaz, alaq otları “baş üstə”lər kimidir, kök atdı, kökünü kəsmədən əl çəkməz!

Alaq otları əl altdan, gizlincə sürünə-sürünə özünə yer edər, çoxalar, keyfiyyəti məhv edər. Alaqlar yaşıl meydanlarda tikanlı qanqallardan da təhlükəlidir. Çox vaxt itirilib, yaşıl meydan tam olaraq yenidən dəyişdirilməlidir !

“Neftçi” adı böyükdür!

Kiçik, məqsədli düşüncəlilər böyük klubu “rəhbər” fk-ya çevirir, böyük qələbələr unudulur, cılızlıq alaq otları kimi ətrafı bürüyür, gecə-gündüz şəxsi mənafelər düşünülür. Abşeronda “Neftçi”siz tribunalarda anşlaq yaşanılır artıq.

“Rəhbər” fk düşüncəsi ilə idarə olunan rəhbərləri, mədəni dillə ifadə edilsə, göndərilməyənə kimi heç yerə getməyəcəklər. Büdcə, transfer “oyunları”, başaldatmalar davam edir… “Neftçi” artıq qəbul edilməyən ikinci də deyil, xal fərqi ilə üçüncü rolda çıxış edir…

Yeddi-səkkiz ilə Yer kürəsi Günəş ətrafında 7-8 dəfə dövrə vurub, 10-12 yaşlı uşaqlar böyüyüb 20-i haqlayıb, əlcək kimi dəyişdirilən saysız-hesabsız məşqçi, futbolçulara milyonlar xərclənib, böyük klub isə ildən-ilə kiçilib, kiçildilib…

Böyük klubun bəlası məşqçilər, futbolçular deyil, onlar öz istəkləri ilə kluba gəlməyiblər, kiçik beyinlərin kiçik futbol düşüncələrinin məhsullarıdır. “Neftçi” kim(lər)insə şəxsi mülkü yox, nəsillərlə böyük kluba sadiqlik göstərən əsl fanatların, azarkeşlərindir!

“Neftçi” Azərbaycan futbolu adına birdəfəlik xilas edilməlidir! Kiçik beyinlərin nağıllar aləminə son qoyulması zamanı çoxdan yetişib!

Tahir Süleymanov

Digər Xəbərlər
Xəbər Lenti