“Onun keçidi ilə bir qədər fərqli alınmışdı”.
Bu sözləri Sportinfo.az-a “Neftçi”nin sabiq baş məşqçisi Arif Əsədov deyib.
O, İqor Mitreskinin Bakı klubuna transferi haqda indiyədək heç yerdə demədiyi faktı saytımıza açıqlayıb.
Makedoniyalı müdafiəçi 2010-2014-cü illər aralığında ağ-qara formada 126 oyunda meydana çıxaraq 1 qol vurub. 3 dəfə Azərbaycan çempionu olub, 2 dəfə Azərbaycan kubokunu qazanıb.
Əsədovu dinləyək: “Slavço Georgiyevski ilə müqavilə bağlayandan sonra mərkəz müdafiəçisi də axtarırdıq.
Mitreskini “Spartak”dan tanıyırdım, oyununu bəyənirdim. Açığı, karyerasını Azərbaycanda davam etdirməyə razılıq verəcəyini düşünmürdüm.
Məşqlərin birində Slavço ilə söhbət edəndə “İqor əla futbolçudur, “Neftçi”yə gəlsə, bizə çox xeyir verər” demişdim.
O da cavabında Mitreskinin azad agent olduğunu, Azərbaycana gəlməyə razı sala biləcəyini söyləmişdi.
Georgiyevskinin işə qarışmasından sonra Mitreski “Neftçi”də oynamağa razılıq vermişdi. Çoxları bundan xəbərsizdir”.
Əsədov 12 il əvvəl Mitreskinin transferi zamanı təzyiqə məruz qaldığını, buna baxmayaraq tanınmış legionerin bacarığına güvənərək şans verdiyini gizlətməyib:
“İqoru mövsümlərarası fasilə dönəmində komandaya cəlb etmişdik. Həmin vaxt istirahətdə idi, 3-4 kilo artıq çəki yığmışdı.
Yaxşı yadımdadır, o vaxt bəzi jurnalistlərlə futbol mütəxəssisləri Mitreskini futboldan doymuş, yaşı ötmüş oyunçu kimi təqdim edir, “Neftçi”yə fayda verməyəcəyini iddia eləyirdi.
Amma mən bilirdim ki, mərkəz müdafiəçisinin əsas özəlliyi oyunu “oxuması”, düzgün mövqe seçməsi, müdafiədən hücuma çıxmaq bacarığıdır.
Bu keyfiyyətlər də İqorda var idi. Özünüz də onun təcrübəsiylə “Neftçi”yə nə dərəcədə fayda verdiyini gördüz”.

