«Neftçi» sürpriz transfer çalışması həyata keçirmək niyyətindədir.
Bu barədə Sportinfo.az-a paytaxt klubundan məlumat daxil olub.
Redaksiyamıza verilən informasiyaya görə, «ağ-qaralar» bu ilin yayında «Qarabağ»dan «Partizan»a keçən Patrik Andrade ilə yaxından maraqlanır.
Bakılılar Kabo-Verde yığmasının da formasını geyinən yarımmüdafiəçinin meneceri ilə əlaqə yaradıb, onun şərtlərini öyrənib.
Andrade Serbiyadan ayrılmaq niyyətindədir. O, Belqrad klubundakı ümumi durumdan narazıdır və bunu rəhbərliklə söhbətində dilə gətirib.
3 illik müqaviləsi qüvvədə olan yarımmüdafiəçi daha iddialı komandaya keçmək istədiyini gizlətməyib. Afrikalı legioner anlaşmaya qarşılıqlı razılaşma əsasında xitam verilməsinə hazır olduğunu söyləyib.
Anrdadeni «Partizan»da xoşbəxt etməyən digər bir hal ailəsinin Belqrada öyrəşə bilməməsidir. Xanımı Serbiyanın paytaxtında özünü Bakıdakı kimi rahat hiss etmir.
29 yaşlı Patrik 2 il «Qarabağ»ın formasını geyinib. «Köhlən atlılar» Bolqarıstan «Çerno More»sindən aldığı afrikalıya 3 illik yeni müqavilə təklif etmişdi.
Orta sahə oyunçusu bu şərtlərə «yox» deməsəydi, hər mövsüm əvvəlkindən 3 dəfə çox, təxminən 600 min dollar qazanacaqdı.
Lakin o, «Partizan»ın adına aldanaraq, buradan ayrılmağı üstün tutdu və az keçmiş verdiyi qərardan peşmaq olduğunu açıqladı.
Azərbaycan mehiasına danışan kabo-verdeli «Qarabağ»da qalmamasının karyerasının ən böyük səhvi adlandırmışdı.
SPORTİNFO.AZ

