Noyabrın 16-da Moldova üzərində 2:1 hesabı ilə qalib gələn Azərbaycan millisi növbəti yoldaşlıq matçına hazırlaşır.
Canni de Byazinin rəhbərlik etdiyi komandanın növbəti rəqimi Şimali Makedoniya yığmasıdır.
Millimiz noyabrın 17-də Skopyeyə təşrif buyuraraq oyuna hazırlığı paytaxtda davam etdirir.
Şimali Makedoniyada yaşayan azərbaycanlılara tanış simalar isə yığmamızın məskunlaşdığı otelə axın etməkdədir.
Vaxtilə “Qarabağ”ın şərəfini qorumuş Muarem Muarem, “Neftçi”nin sabiq futbolçuları İqor Mitreski ilə Slavço Georgiyevski, “Bakı”nın və Azərbaycan yığmasının keçmiş baş məşqçisi Qyoko Hacievski...
Görüş zamanı maraqlı görüntü və söhbət baş tutub.
Vaxtilə “Neftçi”nin şərəfinio qorumuş, bu komandada 2 dəfə çempionluq sevinci yaşamış Georgiyevski Emin Mahmudovla tanış olmaq və söhbət etmək şansı qazanıb.
42 yaşlı mütəxəssis “ağ-qaralar”ın kapitanı ilə səmimi söhbət zamanı vaxtilə “Neftçi”də xoş günlər yaşadığını, bu komandanın daim çempionluqlar üçün mübarizə apardığı, “Neftçi” adının Azərbaycan futbolu üçün böyük məna verdiyini söyləyib.
Slavço ölkəmizdə oynadığı dönəmdə Premyer Liqada “Bakı”, “Xəzər Lənkəran”, “İnter”, “Qarabağ” kimi imkanlı və iddialı komandaların olmasına baxmayaraq, “Neftçi”nin gərgin mübarizədən qalib ayrıldığına adət etdiyini sözlərinə əlavə edib.
Eminlə təcrübəsini bölüşüb, komandasına Azərbaycan çempionatında uğurlar arzulayıb.
HƏBİB / SPORTİNFO.AZ

