"Neftçi"nin baş məşqçisi Lorentsiu Regekamfpın istəyi reallaşmayıb.
Bu ilin iyununda komandanın sükanı arxasına keçən rumıniyalı qış transfer bazarlığında iştirak etməyəcək.
Klub yönətimi onun bununla bağlı təklifini geri çevirib.
"Ağ-qaralar" yayda xeyli yeni futbolçu alıb. Rege bu prosesdən kənarda saxlanılıb.
Müqavilə bağlanılan oyunçuların hamısı rəhbərliyin vasitəçiliyi ilə düşərgəyə gətirilib. Şərqi avropalı çalışdırıcının əvvəlcədən onların heç birindən xəbəri olmayıb.
Çox maraqlı, eyni zamanda, çox qəribədir ki, Samir Abasovula yolları ayıracaqlarını öncədən dəqiqləşdirən funksionerlər ilk olaraq futbolçu transfer bazarlığı ediblər, sonra isə yeni baş məşqçi axtarışına çıxıblar.
SOCAR bu məsələni araşdırsa, yəqin ki, səbəbini öyrənmək onlara problem olmayacaq. Əlbəttə, belə bir niyyətə düşərlərsə…
Avrokuboklar, ardınca Premyer Liqanın ilk 14 həftəsi göstərdi ki, yönətimin seleksiya fəaliyyəti yanlışdır.
Hər halda komanda Konfrans Liqasıyla erkən vidalaşıbsa, həmçinin ölkə çempionatında qıxıl medal mübarizəsindən qısa müddət ərzində qopubsa, deyə bilərik ki, yeni gələnlər uğursuzdur və səhv seçimlərdir.
Regenin qeyri-sabit çıxışda məsuliyyəti öz üzərinə götürməməsi sırf bununla əlaqədardır. 11 ildə 17 klub dəyişmiş rumıniyalı yayın ilk ayında «Neftçi»dən təklif alanda bilirdi ki, transfer bazarına nəzarəti öz əlində birləşdirmək şərti irəli sürsə, onunla müqavilə bağlanmayacaq.
O, bununla həm pul, həm də vaxt uddu, böyük məbləğ qarşılığnda kontrakta imza atdı.
Bir müddətdir ki, Regenin adı «Styaua» ilə hallanır. Rumıniyalı həmkarlarımız onun Buxarest klubuna qayıtmaq üçün gecə-gündüz Cici Bekaliyə zəng vurduğunu iddia edir.
Yerli media orqanlarının yazdığına görə, Lorentsiu ölkəyə dönmək naminə Bakıda qazandığı pullardan imtina eləməyə hazırdır.
Belə xəbərlər də var ki, «Neftçi» rəsmiləri yeni baş məşqçi axtarışına başlayıb. Tam sakit şəkildə. Regeyə heçə nə hiss eidirmədən. Hazırda 3-4 əcnəbi mütəxəssislərlə danışıqların getməsi söylənilir.
SPORTİNFO.AZ

