Regekampfın rumınsayağı hiyləsi – O, “Neftçi”ni necə aldadır?

17 Noyabr 2022 20:00 Neftçi 7 140
Regekampfın rumınsayağı hiyləsi – O, “Neftçi”ni necə aldadır?

“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf işinin ustasıdır. Harda nə etmək, nə danışmaq lazım gəldiyini yaxşı bilir.

Münasib zaman axtarır, vaxt yetişdisə, sözünü gərəkən yerlərə çatdırır.

Komandasının məğlubiyyətindən sonra səsi çıxmır, zədəlilərin çoxluğunu bəhanə gətirir.

Vay o günə ki, qələbə qazana. Vəssalam. Rəqibi aşağılayacaq, hakimlərdə nəsə tapacaq, zamana ehtiyac duyduğunu deyəcək və...

...rumınlara xas olan keyfiyyətini işə salıb qış fasiləsində “Neftçi”nin güclənməsinin vacibliyini qabardacaq. Sanki komandasındakı futbolçuların keyfiyyəti aşağıdır, bu heyətlə uzağa getmək olmaz.

Heyətdəki legionerlərin 6-sı məhz Regenin vaxtında cəlb olunub: Kenni Sayef, Ataa Caber, Qodsvey Donyo, Yeqor Boqomolski, Solomon Kvirkveliya və Vato Arveladze.

Bu futbolçuların çempionluq, ən pis halda gümüş medallar üçün mübarizə aparmaq gücü yoxdursa, “Neftçi”də nə gəzir? Baş məşqçi hansı əsasla onların keçidinə razılıq verib? Bəlkə yerlilərdən narazıdır?

Bu dəqiqə ölkənin üzdə olan milli üzvləri orada cəmlənib. Eddi İsrafilov ən yaxşı dağıdıcı, Emin Mahmudov ən yaxşı oyun qurucusu, Azər Salahlı ən yaxşı sol cinah müdafiəçilərindən biridir. Aqil Məmmədov, Rəhman Hacıyev, Ömər Buludov və digərləri isə orta səviyyəli yerli futbolçulardır.

Yəni “Neftçi”nin heyətinin zəif olması fikri absurddur. Normal baş məşqçi ilə bu komanda bu gün ən pis halda 2-ci pillədə yer alardı.

Sadəcə, Rege ilə agenti Leonid İstratinin öz planları və maraqları var ki, qış fasiləsində mütləq həyata keçirmək lazımdır.

“Neftçi” rəhbərliyinin baş məşqçinin bu taktiki gedişi önündə hücum, yoxsa müdafiə futbolu oynayacağını zamanın ixtiyarına buraxaq. İşinin peşəkarı olan rəhbərlik baş məşqçiyə 6 aydanbir futbolçu göndərib-gətirmək şansı yaratmaz, çaldığı havaya oynamaz.

Adam 13 illik məşqçilik karyerasında 12 fərqli klubda işləyib. Təxminən 14 il Avropanın məşhur agenti Anamariya Prodanla eyni yastığa baş qoyub. Yəni Azərbaycana nə üçün və nəyin dalınca gəldiyini yaxşı bilir.

Özü də dolanmalıdır, onu “Neftçi”yə urcah edən İstrati də.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti