“Neftçi”nin son 9 ildə yalnız bir dəfə ölkə çempionluğunu bayram etməsi, ölkə kubokundan uzaq düşməsi, avrokuboklarda mütəmadi uğursuzluq, yanlış baş məşqçi və legioner futbolçu transferləri azarkeşlərin səbr kasasını daşırıb.
“Neftçi”nin sosial şəbəkə hesablarının rəy bölümündə hazırkı rəhbərliyin yarıtmaz siyasəti ilə bağlı saysız şərhlərə rast gəlmək mümkündür.
İllərini ağ-qara rənglərə qurban verənlər Sadıq Sadıqov-Tahir Süleymanov tandemini yada salır, “Neftçi”nin başında bu və buna bənzər rəhbərlərin dayanmasının vacibliyini qeyd edir.
Çingiz Abdullayev-Kamran Quliyev-Elnur Eyvazov “trio”su ilə uzağa getməyin mümkün olmadını anlayan azarkeşlərin səbr kasası daşıb.
Klubun sosial media platformalarına cavabdehlik daşıyanlar klub rəhbərliyindən göstəriş alıb: “Keçmiş rəhbərliyin adını çəkənləri, şəkillərini paylaşanları blok edin!”
Çoxlarına bəlli olan bu gediş haqda Tahir Süleymanov da yazıb. Klubun “qızıl” dönəminin vitse-prezidentinin iyrənc addım haqda münasibəti belə olub:
“Neftçi” qalıb kənarda, görün nə işlə məşğuldurlar. Azarkeşlərin bizimlə bağlı sosial şəbəkədə paylaşdığı foto və dəstək xarakterli şərhlərini sildirməklə komanda “quruculuğu” ilə “zirvə”ni düşünürlər.
“Neftçi”də baş sponsor səviyyəsində klubu idarə edənlərlə bağlı çox ciddi araşdırmalar aparılmalı və qəti, doğru qərarlar qəbul edilməlidir”.
Tahir Süleymanov 2009-2015-ci illər aralığında “Neftçi”də vitse-prezident vəzifəsini daşıyıb. Komanda bu müddətdə 3 dəfə Azərbaycan çempionu olub, 2 dəfə ölkə kubokunu qazanıb, Azərbaycan futbolu tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə yüksəlib.
HƏBİB / SPORTİNFO.AZ

