Qeyri-sabit mövsüm keçirən «Neftçi» çempionluq mücadiləsində yaxından iştirak etmir.
«Qarabağ»la «Sabah»ı özündən xeyli irəli buraxıblar.
«Qəbələ» üzərində son qələbə «Neftçi» azarkeşini aldatmamalıdır. Bu oyunda «Qəbələ»ni elə «Qəbələ» məğlub etdi. Qonaqlar əllərinə düşən imkanları boşa verincə, nəticə 2:0 oldu.
Lorentsiu Regekampfın bir ayağı Rumıniyadadır. Arzusu da, ürəyi də «Styaua»nın yanındadır.
Yerli media gecə-gündüz Regenin Buxarest klubuna qayıtmaqdan ötrü əldən-ayaqdan getməsindən yazır.
Odu qalanmayan bacadan tüstü çıxmaz. Gələn xəbərlərdən anlaşılır ki, tərəflər arasında danışıqlar gedir və maliyyə şərtlərində anlaşsalar, bu dönüş, uzaqbaşı, qış fasiləsində reallaşacaq.
Regenin qalması «Neftçi»nin ziyanınadır. Beş aydan artıqdır buradadır, hələ komandanın öz stili yoxdur, futbolçular baş məşqçinin ondan nə istəməsindən, nə tələb etməsindən bixəbərdir.
Çün eşidən yoxdur onu. Hərə öz bildiyini eləyəndə, hərənin ağzından bir avaz gələndə, şübhəsiz, «Neftçi»dən sabitlik gözləməyə dəyməz.
Yusuf Laval ötən iki mövsümdəki kimi təsir bağışlamır. Vojislav Stankoviç də o cümlədən.
Kenni Sayefin səviyyəli legioner olmasını Konfrans Liqasında gördük. Qodsvey Donyo da bura güclü İsrail çempionatından gəlib.
Belə deyək, ayrı-ayrı xətlər üzrə sanballı futbolçular var, sadəcə, Regenin fikri burada olmadığı üçün komanda formalaşdırmır.
Azarkeşlərirn gözünə görünən əsasən oyunçulardır. Onları qınayırlar ki, geyindikləri formanın qədrini bilmirlər, dəyərindən biqafildirlər.
Bu binəva futbolçu neyləsin, sosial şəbəkəni açıb, baş məşqçinin keçmiş xanımını necə döyməsinin görüntlərini izləyir.
Mətbuatı vərəqləyib, onun «Styaua»ya dönmək üçün klubun sahibi Bekaliyə necə yalvarması haqda xəbərləri oxuyur.
Asan deyil e, belə bir sıxıcı atmosferdə qələbə/nəticə barədə düşünəsən.
Bunlar elə həssas mövzulardır ki, heç pul qazanmaq da futbolçunun yadına düşmür, onu qayğılandırmır.
KAMİL

