Azərbaycan Premyer Liqasında XIV turun “Neftçi” – “Qəbələ” (2:0) oyunundan sonra təşkil edilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Laurentsiu Regekampf jurnalistlərin suallarını cavablandırdı.
Sportinfo.az xəbər verir ki, o, əvvəlcə matçla bağlı fikirlərini bildirdi...
- Çox yaxşı oyun idi. Azarkeşlər və izləyicilər üçün yaxşı matç idi. Açıq oyun gedirdi. Hər iki tərəf çoxlu qol epizodu yaratdı. Bizə qarşı çox sərt oynayırdılar. Bu, mənim üçün bir sualdır. Evdə oynayan komandayıq, amma rəqib daha aqressiv oynamağa çalışırdı. Sarı vərəqələri isə bizim futbolçular alırdı. “Qəbələ”nin iki yaxşı epizodu oldu. 2-3 böyük imkan idi. Eynilə bizim də çoxlu qol imkanımız oldu. Amma rəqibə də imkan verirdik. Daha konsentrasiyalı olmalı və matçı daha tez bağlamalıydıq.
- Komandanız qeyri-stabil nəticələr əldə edir. Bu, nə ilə bağlıdır? Oyunçuları motivasiya edə bilmirsiz?
- Nə soruşursuz məndən? “Zirə” və “Qəbələ”yə qalib gəlmişik. “Sumqayıt”la oyun isə təsadüf idi. Biz də üzülürük. Çünki orada iki xal itirdik. Hər matçda qələbə qazanmaq istəyirik. Zədəli oyunçularımız var. Başqa seçimimiz yoxdur. Kenni Sayefi itirdik. Mbodjun vəziyyəti hələ məlum deyil. Eddi İsrafilov və Azər Əliyevin komandaya qoşulacağını bilmirik. Bu mövzuda problemlərimiz var. Qışa qədər bacardığımız qədər xal qazanmağa çalışacağıq. Qış fasiləsində daha yaxşı hazırlaşmağa və komandanı gücləndirəcək oyunçular gətirməyə çalışacağıq. Qışdan sonra komandanın səviyyəsi daha yaxşı olacaq.
- Komanda qalib gəlsə də, aqressiv və qəmgin görünürsüz...
- Məyusluq ondan əmələ gəlir ki, şanslardan yararlana bilmirik. Daxilən sevinirik. “Qəbələ”nin yaratdığı epizodlar ağlımdan keçir. Bunlar olmamalıdır. Eyni zamanda, öz yaratdığımız qol epizodlarında doğru qərarlar vermirik. Bu da məndə sual yaradır. Məyus görünməyim də bu cür çox şeyləri düşünməyimdən qaynaqlanır. Üzrlü hesab edin.
- Donyo etimadınızı doğruldur?
- Hazırda əlimizdə olan futbolçuların hamısı bizim üçün qızıl kimidir. Pozitiv yanaşmalı və onları növbəti matçlara hazırlamalıyıq. Dekabra kimi oyunlarımız var. İndi dəyişə biləcəyimiz çox şey yoxdur. Donyo bu gün döyüşdü, mübarizə apardı. Bu əzmkarlıq gələcək üçün inam yaratdı.
- “Qarabağ”la xal fərqi 10-dur. Sabah bu, yenə arta bilər. Çempionluq mübarizəsindən uzaqlaşdığınızı düşünürsüz?
- Son oyuna qədər mübarizə aparacağıq. “Qarabağ”la xal fərqi məni maraqlandırmır. Biz “Qarabağ” və ya başqa komandaya deyil, özümüzə fikir verməli və öz problemlərimizi fikirləşməliyik. Güclü komanda qurmalıyıq.
- “Sabah” – “Qarabağ” matçında hansı nəticənin sizin üçün daha faydalı olacağını düşünürsüz?
- Bizim üçün hazırda vacib olan ikinci yeri qaytarmaqdır. Heç-heçə olsa, bizə daha çox sərf edər. Amma bunun mümkünsüz olacağını düşünürəm. Hər iki komanda açıq oynayıb, qələbə qazanmaq istəyəcək.
- “Sabah”a azarkeşlik edəcəksiz?
- “Neftçi”yə azarkeşlik edirəm.

