Premyer Liqanın 14-cü turuna dünən "Şamaxı" - "Sumqayıt" görüşü ilə (4:2) start verildi.
Bu gün isə turun maraqla gözlənilən iki qarşılaşmasından biri olan "Neftçi" - "Qəbələ" matçı var.
Təbii ki, turun oyunu sabah Masazırda "Sabah" və "Qarabağ" arasında keçiriləcək. Biz isə qayıdaq bugünkü matça.
"Qəbələ" ağır səfərə əla ab-hava ilə gəlir. Elmar Baxıyevin yetirmələri 4 turluq qələbə həsrətinə ötən tur "Zirə" üzərindəki son dəqiqə qolu ilə gələn qələbə ilə son qoya bildi. Qazanılan 3 xal "Zirə"ni keçməyə, "Neftçi"yə isə çatmaq üçün fürsət yaratmış oldu.
Bu gün qələbə qazanılsa, bölgə klubunun ilk üçlük iddiası ciddi müstəviyə keçmiş olacaq. Əks halda ilk dördlük üçün mübarizə davam edəcək.
Ötən mövsüm son anda bürüncü medalı əldən buraxan "qırmızı qaralar" indiki halda daha erkən imtina etmək ehtimalını yaxın buraxmaq istəməyəcək. Bunun üçün isə istəklə mübarizə meydanda ayaqlaşmalıdır. Ən az birinci dövrədəki matçda olduğu kimi.
Meydan sahiblərində vəziyyət çox qarışıqdır. Çempionluq iddiasının çox erkən bitdiyini demək olar. Hətta gümüş medal yolunda "Sabah"la mübarizədə də şanslar aşağı qiymətləndirilir. Bürüncün əldən çıxması isə sadəcə fiasko sayılacaq. Gedişat elə ondan xəbər verir.
Əsas rəqiblərdən "Qarabağ" və "Sabah"a uduzan Regekampfın yetirmələri "Turan Tovuz" və "Sumqayıt" kimi ciddi iddiası olmayan kollektivlərlə oyunlarda da bərabərliyə razılaşmalı olub.
"Neftçi" uçurumun kənarındadır. Komanda Roberto Bordindən əvvəki illəri xatırladır. Rumıniyalı uğurlu olmaq üçün gətirilmişdi, amma paytaxt klubu onun rəhbərliyi altında uğur bir kənara, yerində də saya bilmir.
Görəsən, dal-dala getmək nə vaxta kimi davam edəcək? Növbəti xal itkisi 4-cü pillənin qoxusunu "Neftçi" rəsmilərinə hiss etdirmiş olacaq. Əgər qoxu hissi itməyibsə...
XANOĞLAN İMANOV

