"Neftçi" Premyer Liqada növbəti xal itkisini Sumqayıtda yaşadı.
"Ağ qaralar"a bunu sabiq çalışdırıcısı Samir Abasovun çalışdırdığı "Sumqayıt" yaşatdı - 2:2.
Qarşılaşmanın gedişində diqqət çəkən məqamlardan biri də Abasovun sabiq kapitanı Emin Mahmudovla çox isti görüşməsi oldu.
Halbuki ötən mövsümün sonu "Neftçi" rəsmiləri elə görüntü yaratmağa çalışırdılar ki, sanki təcrübəli mütəxəssis klubda sevilmir, futbolçularla yola getmir, ayrılması istənir.
Təbii ki, bunu onda da yazmışdıq, indi də bildirirk ki, o dönəm rəhbərliyə yeni günahkar lazım idi. Azarkeşlərin qəzəbini sakitləşdirmək, uğursuzluğu həmin adamın adına bağlamaq üçün.
Belə anda ilk ağıla gələn kim olmalıyıdı? Əlbəttə, baş məşqçi!
Elə də olmuşdu. Azarkeşlərlə baş məşqçi arasında yaşanan konfiliktlər, mətbuatda yazılan yazılar "Neftçi" rəhbərliyinin ürəyincə idi. Sonda da proseslər onun göndərilməsi ilə nəticələndi.
Ardınca yeni rəhbərlik, yeni futbolçular heyətə cəlb edildi. Çox şey dəyişdi, amma önəmli olan nəticələr yerində qaldı. Yox, bir qədər də pisləşdi.
"Neftçi" Samir Abasovun rəhbərliyi altında bir il çempion olmuşdusa, növbəti il lider "Qarabağ"ı sona kimi qarabaqara izləyən tək kollektiv olmuşdu. Ancaq indi əcnəbi Regekampfın rəhbərliyi altında komanda 3-cü yerdə qalmaq üçün mübarizə aparır.
Oyundan əvvəl yox, sonra yox, dəhlizdə yox, məhz meydanın mərkəzində Mahmudovun uşaq kimi Abasovu qucaqlamasını, Abasovun simasındakı təbəssümü təsadüf ola bilər. Amma bunu həm də rəhbərliyə verilən "bizdə problem yoxdur" mesajı kimi də qəbul etmək olar.
XANOĞLAN / SPORTİNFO.AZ

