Premyer Liqanın ən çox legionerə (12) sahib klublarından biri olan «Neftçi» onlardan bir neçəsi ilə tezliklə yolları ayıracaq.
Sportinfo.az bu barədə paytaxt təmsilçisindən məlumat əldə edib.
Redaksiyamıza verilən informasiyaya görə, belə bir tapşırıq SOCAR-dan gəlib.
Neft şirkəti himayəsində olduğu klubun cari durumundan kəskin narazı olduğundan, qış fasiləsində komandada dəyişiklərin edilməsini zəruri sayır.
Pato Gilyerme, Mamadu Mbodj, İvan Brkiç, Solomon Kverkveliya, Vatto Arveladze, Sezar Meza Kolli və Yeqor Boqomolskinin adı «qara siyahı»ya salınıb.
Düzdür, adları çəkilən əcnəbi futbolçuların hamısının müqaviləsi var, ancaq təlimat verilib ki, onlarla qarşılıqlı razılaşma əsasında yollar ayrılsın.

