“Neftçi”də baş məşqçi problemi - Regekampf niyə göndəriləcək?

9 Noyabr 2022 20:40 Neftçi 1 506
“Neftçi”də baş məşqçi problemi - Regekampf niyə göndəriləcək?

Başlığın isbatı üçün zamanla dirəşməyə gərək yoxdur.

Buna uzaqgörənlik və ya münəccimlik bacarığı da gərəkmir.

Bəzən əlindəki fakta diqqətlə baxmaqla sabah nəyin necə olacağını rahat şəkildə müəyyənləşdirə bilirsən.

Məgər ötən ilin bu vaxtında “Legiya”da “at oynadan” Mahir Emrelinin “Dinamo”ya keçidi zamanı Xorvatiya nəhəngində parlaya bilməyəcəyi ilə bağlı iddialar bu gün özünü doğrultmur?

Mayda Samir Abasovu yola salıb bir ay sonra yerinə Laurentsiu Regekampfı gətirən klub rəhbərli rumın çalışdırıcının keçmişdəki nəticələri ilə yanaşı yaxın illərdəki nəticələrinə və yaşadığı problemlərə diqqət yetirsəydi, kişini yaxına buraxmazdılar.

Sözügedən məşqçinin ən yaxşı günləri Rumıniyanın, eləcə də Avropanın tanınan agentlərindən olan Anamariya Prodanla evlilik illərinə təsadüf edib.

Klub funksionerləri ilə kifayət qədər yaxşı əlaqəyə sahib menecer qadın əri üçün hər zaman “yağ-bal” axtarışında olub və istəyinə çatıb.

Çalışdığı klublarda rəhbərlik baş məşqçinin arxasında dayanıb, heyəti yığmaq baxımından çətinlik çəkməyib. Anamariya səviyyəli futbolçuları uyğun maaş məbləğində onun üçün təşkil edib.

2009-cu ildən məşqçilik edən Regenin parlaq dönəmi 2013-2018-ci illər aralığına təsadüf edib. Yəni nə edibsə 5 il aralığında edib. Rumıniyada ardıcıl 2 çempionluq, liqa kuboku, superkubok,

Səudiyyə Ərəbistanı “Əl-Hilal”ı ilə Asiya Çempionlar Liqasında gümüş medal, BƏƏ-də liqa kuboku ilə superkubok. Bir məşqçinin yaxşı pul müqabilində müqavilə bağlaması üçün lazım olan göstəricilərə sahibdir.

“Neftçi” Regekampfın 2019-cu ildən bu yana dördüncü dayanacağıdır. İlyarım Dubay “Əl-Vəsl”ində çalışıb, 2 ay Səudiyyə Ərəbistanı “Əl-Əhli”sində varlığını göstərib, təxminən 1 il “Universitatya Krayova”da “sükan sahibi” olub. İyundan bu yana “Neftçi”dədir.

Anamariya Prodanla münasibətləri korlanandan, dəqiq desək, Korina Kaçukla eşq yaşamağa başlayandan sonra məşqçilik karyerası böyük ölçüdə başa çatıb.

Hələ də arvadı sayılan Prodanla məhkəmə davaları, övladlarının ondan üz döndərməsi, içki məclisləri, tüfeyli həyat axırına çıxıb.

2018-ci ildən bu yana titul üzünə həsrət qalıb. Çalışdığı klublarda 1 ildən çox qala bilmir. Tez-tez iş yerini dəyişir, vətənində haqqında xoşagəlməz söhbətlər dolaşır. Qalıb işbirliyi etdiyi moldovalı agent Leonid İstratinin ümidinə.

Adam illər öncə Rumıniya, Səudiyyə Ərəbistanı və BƏƏ-də qazandığı ad-sanı xərcləməkdədir. Elə “Neftçi”yə gəlişində də kubok və medalların sayı əsas rol oynayıb.

Şəxsi həyatına və son illərdəki fəaliyyətinə ciddi önəm verməyən “Neftçi” rəhbərliyi indi yayda verilən qərarın acısını çəkir. Yox, kefləri sazdırsa, deməli, komandanın mövcud durumu üzlərini güldürür.

Dünya öz oxu ətrafından çıxmasa, Laurentsiu növbəti dayanacağı olan Azərbaycandan da titulsuz gedəcək. Hər halda, bir az səbr edək...

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti