Rumıniya mediası Lorentsiu Regekampfın hər ay «Neftçi»də 45 min avro civarında pul qazandığını yazır.
Bu, əslində, şişirdilmiş rəqəmdir.
Göstərilən məbləğ ona köməkçiləri ilə bərabər ödənilən vəsaitə uyğun gəlir. Baş məşqçinin özünün məvacibi 25 min avro həndəvərindədir.
O qətiyyən gözləmirdi ki, Bakıda işə başlayandan qısa bir müddət sonra reputasiyası bu qədər zədələnər. Bura gətirilmişdi ki, «Qarabağ»la mübarizə aparsın, araya «Sabah» girdi, indi onlarla da bacarmırlar.
Hər iki rəqibin gerisində qalan «Neftçi»yə təcili «yeni qan» köçürülməlidir. Rege bunu transfer bazarına nəzarətin ona verilməsi kimi başa düşür.
Fəqət, idarəçilər öz əllərində cəmlədikləri təsir rıçağını rumıniyalıya ötürmək istəmir. Tərəflərin uzlaşmadığı nöqtələrin başında məhz bu gəlir.
Heç cür anlaşa, ortaq məxrəcə gələ bilmirlər. Regeyə izah ediblər ki, yayda necə anlaşıblarsa, o prinsiplərlə də yola davam etmək lazımdır. Yəni, futbolçuları biz tapaq, sən seçim et, amma maliyyə məsələlərinə girişmə.
Bu şərtə vaxtilə Roberto Bordin də razılaşmışdı. İtalyan ilyarım belə işlədi, sonra da «zurna-qaval»la yola salındı. O müddətdə rəsmilər «n» qədər futbolçu gətirdi və yola saldı,
Bordin bir transfer əməliyyatında yaxından iştirak eləmədi. Amma gedəndə də pulundan vaz keçmədi. «Neftçi»nin büdcəsindən hər ay ona təzminat ödənildi.
Bordinin yerinə gətirilmiş köməkçisi Füzuli Məmmədov, sadəcə, «kukla» idi, heç bir real səlahiyyət daşımırdı.
Axır 5 ildə yalnız Samir Abasov oldu ki, yumruğunu stola çırpdı, şərtlərini diktə elədi. Di gəl, onun da aldırdığı legionerlər «fıs» çıxdı, komanda ötən mövsüm çempionluq taxtından yerə endi.
Bu 5 ildə məşqçiləri əlcəktək dəyişməyə adət etmiş fiqurantlar yenə iş başındadır və onlar Regeyə inanmır.
Rumıniyalı məşqçilərin futbolçu transferlərindən faiz tutmaq «xəstəliyi» barədə kifayət qədər məlumatlı olan funksionerləri hardasa başa düşürük.
Bəs onlar bunu komandanı Regeyə tapşıranda bilmirdilər ki? Marsdan, Yupiterdən gəlməmişdi, Rumıniyadan gəlmişdi də. Adamın əvvəlki klublarında necə çalışması, şəxsi həyatında yaşadığı davamlı problemlər də onlara sirr deyildi.
11 ilə 17 iş yeri dəyişmiş məşqçi ilə uzun yola çıxmaq hansısa normal təfəkkür yiyəsinin ideyası ola bilməzdi və necə ki, olmur.
SPORTİNFO.AZ

