O, "Neftçi"ni niyə atıb qaçmaq istəyir? - SİRLİ GÜNDƏM

8 Noyabr 2022 11:20 Neftçi 1 815
O, "Neftçi"ni niyə atıb qaçmaq istəyir? - SİRLİ GÜNDƏM

"Neftçi" yeni həftəyə yaxşı əhval-ruhiyyədə başlamayıb.

Dəngələr yenidən pozulub.

«Sumqayıt»la matçda qeydə alınan xal itkisi klub rəhbərliyini küncə sıxıb. SOCAR hesabat tələb etmir və bununla da kifayətlənməyərək, özlərinə yaxın mənbələr vasitəsilə araşdırmalar aparır.

Neft şirkətinin ali mənsubları burada islahatlar aparmaq fikrində ciddidir və gələn xəbərlər yalnız bu səpgidədir.

Heç şübhə yoxdur ki, komandanın çempionluq mübarizəsindən de-fakto qopması çanağın kim(lər)insə başında çatlamasına səbəb yoxdur.

İdarəçi personal özünü qorumaq, vəzifə başında qalmaq üçün mümkün olan bütün variantlara əl atır.

Uğursuzluğu bir-birinin üzərinə atmaq uğrunda «gərgin mübarizə» gedir. Bir növ, «ötür-ötür» oyunu gedir.

Bu mənada, işi fırıq olan bir nömrəli şəxs Laurentsiu Regekampf kimi görünür. Baş məşqçi yaxın günlərdə Azərbaycandan ayrıla bilər.

Rumıniyalı çalışdırıcı iş yerini dəyişmək barədə düşündyünü rəsmilərin diqqətinə çatdırıb.

İyunda sükan arxasına keçmiş mütəxəssis 2 illik müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verməyə hazır olduğunu deyib.

Ölkəsində qalmaqallı məşqçi kimi tanınan Rege Bakıda özünü rahat hiss etmədiyini, komandanı heç cür toparlaya bilmədiyini söyləyib.

Bir müddət əvvəl xanımı Anamariya Prodanla yaşadığı dava-dalaş görüntüləriylə gündəmə gəlmiş məşqçi Rumıniyaya qayıtmaq variantını gözdən keçirdiyini bildirib.

«Neftçi» onun rəhbərliyi altında uğursuz mövsüm keçirir. Konfrans Liqasında mübarizəni ikinci mərhələdə dayandıran «ağ-qaralar» Premyer Liqada qeyri-sabit çıxışını davam etdirir.

13-cü turda «Sumqayıt»ın qonağı olan bakılılar çempionluq yolunda ağır yara alıb, «Qarabağ» və «Sabah»dan xeyli uzaq düşüb.

Regekampfın adı bir müddətdir yenidən “Styaua” ilə yanaşı hallanır. Rumıniya mətbuatının bu xəbərləri tirajlaması Buxarest klubunun həqiqətən onu geri qaytarmaq niyyətindən xəbər vermir.

Əksinə, o, bu ölkədəki jurnalist dostları vasitəsilə belə informasiyaları qəsdən yayır. İsminin gündəmdə qalması, guya Rumıniyanın ən məşhur klubunun onunla maraqlanması görüntüsünü yaratmaq üçün.

Son 11 ildə 17 klub dəyişmiş Regeni «Neftçi»nin Azərbaycan futbolundakı çəkisi qayğılandırmır. O, zatən bura pul qazanmaq niyyəti ilə gəlib.

Hər halda sözügedən şəxs paytaxt təmsilçisinin danışıqlar apardığı məşqçilər arasında heç bir ciddi şərt irəli sürməyən yeganə namizəd olub.

Transfer əməliyyatlarına qarışmayacağına, rəhbərliyin əleyhinə mətbuata heç bir açıqlama verməyəcəyinə, onların təkliflərini nəzərə alacağına dair bir xeyli öhdəlik götürüb. Təbii, alacağı külli miqdarda əməkhaqqının müqabilində.

Artıq görür ki, heç nə alınmır, SOCAR və «Neftçi» azarkeşinin ondan narazılığı aqressiv forma alır, təzyiq pik həddə yaxınlaşır, aradan çıxmağa hazırlaşır.

Bununla bağlı daha bir iddianı yerli jurnalist Horia İvanoviçi irəli sürüb. Onun sözlərinə görə, 47 yaşlı mütəxəssis daim «Styaua»nın prezidenti Cici Bekaliyə zəng edir:

"Bizdə olan son məlumata görə, Regekampf "Styaua"ya qayıtmaq üçün çox təzyiq göstərir. O, son bir neçə gündə davamlı olaraq Bekaliyə zəng edir və onu zəngləri ilə yorub".

Regekampfın "Neftçi" ilə müqaviləsi 2024-cü ilin yayınadək nəzərdə tutulub. O, 2012 - 2014 və 2015 - 2017-ci illərdə "Styaua"ya rəhbərlik edib.

Rumıniya mətbuatına danışan çalışdırıcı bunu nə təsdiq, nə də təkzib edib. O, suala konkret cavab verməməklə qeyri-müəyyənlik yaradıb:

“Mən bu mövzuda heç nə şərh etmək istəmirəm. Çünki deyəcəyim hər şey şərhə yol açacaq. “Styaua” ürəyimdə əbədi olan klubdur.

Gigi Becaliyə hörmət edirəm, orada nə etmək lazım olduğunu bilən insanlar var. “Styaua” mövzusunda hər hansı bir müzakirə və spekulyasiyaya girmək istəmirəm”.

“Styaua”nın sahibi Gigi Becali də Regekampf variantı ilə bağlı fikirlərini bölüşüb. Nikolae Dikanın istefaya göndərilməsindən sonra yeni baş məşqçi axtarışında olduqlarını söyləyən milyarder Regekampfın arzulanan mütəxəssis olduğunu etiraf edib.

Ancaq o, bunun baş tutmasının maliyyə cəhətdən çətin olduğunu da vurğulayıb: “Onun komandası var, orada çalışır.

Regeni oradan necə çıxarmaq olar? Üstəlik, yüksək maaşı var, bir milyon yarım ley”.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti