“Neftçi”də işlər yolunda getmir.
Narazılıq baş qaldırıb, etiraz dalğası pik həddə çatıb. Ağ-qara rənglərə könül verənlər komandanın nəticələrindən və yürüdülən transfer siyasətindən kəskin narazıdır.
Klubun sosial şəbəkə hesablarındakı paylaşımlara yazılan izləyici rəyləri bu günün güzgüsüdür.
Yayda Samir Abasovu göndərib, yerinə Laurentsiu Regekampfı gətirən, İsraildən torba-torba transferlər edən, heyətinə Azərbaycan millisinin Emin Mahmudov, Eddi İsrafilov, Azər Salahlı kimi aparıcı üzvlərini cəmləyən komanda hədəfdən uzaqlaşmaqdadır.
Ölkənin ən köklü klubu yayda avrokuboklardakı uğursuzluqdan sonra çempionatda da başını qaldıra bilmir.
Çempionluq mübarizəsindəki əsas rəqibləri “Qarabağ”la “Sabah”a hər 3 oyunda uduzan “ağ-qaralar”, Premyer Liqanın avtobussuz debütantı “Turan Tovuz”la bərabərə qalıb, son oyunda autsayder “Sumqayıt”ın müqavimətini qıra bilməyib.
Sentyabrda hazırda yaşadığı qadından olan oğlunu xaç suyuna batırmaq adı ilə Rumıniyaya yollanıb faktiki həyat yoldaşı Anamariya Prodanı küçədə döyən Laurentsiu Regekampf Bakıya qayıdandan sonra özünə gələ bilmir.
İki arvadın arasında qalıb, başı aliment və pay bölgüsünə qarışıb. Bunları yoluna qoymaqla yanaşı “Neftçi”ni düşdüyü vəziyyətdən də çıxarmalıdır.
Heyətdə zədəlilərin çoxluğu əlində mənasız bəhanəyə çevrilsə də, xal itkilərinin əsl səbəbinin bu olmadığı gün kimi aydındır.
Klub prezidenti özünün və idman direktoru Zaur Əzizovun yaxın dostu Leonid İstrati adlı agentin toruna düşüb Regekampfı Azərbaycana dəvət etməklə Samir Abasovun ölənlərinə rəhmət oxutdurmaqdadır.
Baş məşqçinin və futbolçuların keçidindən qazananlar da var, itirən də.
Qazananlar kimdirsə, özləri bilir. İtirən istənilən halda “Neftçi” və ona könül verən azarkeşlərdir. Qarşıdan daha güclü rəqiblər və ağır təqvim gəlir.
“Neftçi”nin bu gedişlə çempionluq, ən pis halda gümüş iddiasından tam uzaqlaşacağı gün isə bu gedişlə uzaqda deyil.
Yaxın günlərdə və ya həftələrdə Regekampfla Kamran Quliyevdən birinin “Neftçi”dən ayrılacağı ilə bağlı xəbər oxusanız, təəccüblənməyin.
Təbii ki, neftin milyonlarını milyonların sevdiyi kluba ayıran milyonçuların yadına “Neftçi”də yoxlama aparmaq düşsə.
HƏBİB / SPORTİNFO.AZ
Qalmaqallı videonu bu linkə daxil olaraq izləyə bilərsiz:

