Bugünlər “Neftçi” üçün yaxşı keçmir.
Ölkənin ən yaşlı futbol klubu «qaynar qazan»a dönüb.
Keçən mövsümü uğursuz keçirən, bu yay avrokuboklarla erkən vidalaşan, Premyer Liqaya pis başlayan paytaxt təmsilçisi növbəti dəyişikliyin astanasındadır.
Təsirli və hərtərəfli islahatlar üçün hər cür zəmin yaranıb. «Ağ-qaralar»ın son hesabat həftəsində «Sumqayıt»la səfər görüşündə 2 xal itirməsi, gözlənildiyi kimi, SOCAR-da ciddi hiddətlə qarşılanıb.
Xəbərimiz var ki, neft şirkətinin yüksək çinli rəsmiləri «Neftçi»nin düşdüyü vəziyyətlə əlaqədar kiçik, amma uzun sürən müşavirə və məsləhətləşmələr keçirib.
SOCAR-ın prezidenti Rövşən Nəcəf komandanın oyunlarını yaxından izləyir və özünə yaxın bildiyi şəxslər vasitəsilə müəyyən məlumatlar toplayır.
Kluba ayrılan böyük büdcənin nəticələrdə öz əksini tapmaması şirkət rəhbərini ən çox narahat edən məsələdir. Futbol azarkeşi olmasını gizlətməyən
R.Nəcəf ona məyusdur ki, «Neftçi» ölkə çapında öz mövqelərini sürətlə itirir. Azarkeşlərin ona ünvanladığı son məktubla tanış olan SOCAR-ın prezidenti orada göstərilən faktlar ona maraqlı gəlib və məlumat üçün deyək ki, o, bununla bağlı müvafiq araşdırmanın aparılmasını tapşırıb.
Aidiyyatlı fiqurantların sorğu-sualına az qalıb. SOCAR-dan ünvanlanan soruları cavablandırmaq klub idarəçiləri üçün asan olmayacaq.
Məsələn, Avropanın bəzi ölkələrində açılan ofşor hesablarla bağlı suallar…
Həmin hesabların kimlərə məxsus olması və necə idarə edilməsinə dair müəyyən informasiyalar üzə çıxıb.
Son 5 ildə həyata keçirilən saysız-hesabsız transferlər fonunda bəzi funksionerlərin «maliyyə portfeli»ni ofşor hesablar vasitəsilə böyütməsi kimi bir çox bilgilər artıq aidiyyatlı qurumların masasının üzərindədir.
«Neftçi»nin idarəçiliyində yaxından iştirak edən funksionerlərdən biri Bakıda aldığı evlərin sayını itirib. Azərbaycanda və xarici dövlətlərin birində özünün biznes şəbəkəsini qurub. Bu məlumat da yoxlanılma mərhələsindən keçib. Və daha nələr…
Günə haradan baxsaq, vəziyyət kritikdir və proses hətta kluba nəzarət paketinin Zaur Qəhrəmanovdan alınmasına qədər gedib çıxa bilər.
Belə bir variant gündəmdədir və mümkündür. 2015-ci ildən «Neftçi»ni kurasiyasına alan, Mikayıl İsmayılovun SOCAR-ın vitse-prezidenti postunu tərk etməsindən sonra klub üzərində söz sahibliyi daha da möhkəmlənən hörmətli Qəhrəmanovun yaxınlarda keçirdiyi iclasda funksionerlərin fəaliyyətinə tənqidi yanaşması təsadüf sayılmamalıdır.
O, bu toplantıda islahatların qapı önündə olmasıyla bağlı xəbərdarlıq edib. Zaur bəy barədə idman sferasında çalışanların rəyi müsbətdir, amma «Neftçi»də işlər yaxşı getmirsə, inanmaq çətindir ki, SOCAR-ın yeni rəhbərliyi onun kadrlarının yarıtmaz işinə göz yumacaq.
Təmizləmə olacaq və bu, klubu da, komandanın özünü da əhatə edəcək. AFFA-nın xətti və məsləhəti ilə «Neftçi»yə ayaq açanların, vəzifə sahibi olanların buradan uzaqlaşdırılması azarkeşlərin əsas tələblərindən biridir.
Böyük ehtimalla, fanatlar bu dəfə arzusuna çatacaq, ruhən «Neftçi»yə bağlı olmayan zatların görəvdən alınması yönündə xəbərləri böyük sevinc hissiylə gözdən keçirəcək.
SPORTİNFO.AZ

