Növbəti mövsümdə ölkə çempionatlarının formatında dəyişiklik edəcəyi gözlənilir.
AFFA-dan sızan məlumata görə, başbilənlər Birinci Divizion təmsilçiləri ilə əvəzedici komandaların eyni bayraq altında keçirilən yarışda mübarizə aparmasından razı deyil.
Bunun üçün Birinci Divizion və əvəzedicilərin birinciliyi illər öncəki kimi ayrı-ayrılıqda keçiriləcək. Belədə “divizion” iştirakçılarının sayı artırılacaq. Region Liqasından bir neçə komandanın “ikinci eşalon”a yüksələcəyi gözlənilir.
Yayılan xəbər əvəzedici komandalara rəhbərlik edən məşqçilərin ürəyincədir desək, yanılmarıq. Gənclərin eyni turnirdə mübarizə aparmasının tərəfdarı olan çalışdırıcılar yaş limitinin pozulmasının tərəfdarı deyil.
Cari mövsümdə kifayət qədər xoş təsir bağışlayan “Neftçi-2”nin baş məşqçisi Rəşad Abdullayev saytımıza açıqlamasında sözügedən mövzu ilə bağlı fikirlərini bölüşüb:
“Məncə, Birinci Divizionla əvəzedicilərin çempionatının ayrı-ayrılıqda keçirilməsi daha maraqlı olar. Son illəri saymasaq, həmişə belə olub.
Çempionatda sırf əvəzedicilər oynayanda yaş həddi eyni olur. Əlbəttə, “divizion” komandalarına qarşı oynamaq yaxşı təcrübədir. Çünki heyətlərində təcrübəli futbolçular var. Amma idman prinsiplərinin pozulmamasından və maraqlı idman mübarizəsindən danışırıqsa, fikrimcə, bu iki çempionatın bir-birindən ayrılması vacibdir.
Məsələn, “Neftçi-2” ilə “Qəbələ-2” oynayanda turnir cədvəlinə yox, hansı komandadakı gənclərin daha bacarıqlı olduğuna diqqət yetirəcəyik. Bunun özü də olduqca maraqlı məqamdır.
Həm də bugünkü vəziyyətdə hansısa əvəzedici komandanın çempion olması heç nəyi həll etmir. Amma sırf əvəzedicilərin çempionatı olanda prinsipiallıq da artacaq”.
2018/19 mövsümündən başlayaraq əvəzedici komandalar Birinci Divizion təmsilçiləri ilə eyni çempionatda mübarizə aparır.
HƏBİB / SPORTİNFO.AZ

