"Neftçi"nin Emin üzərində haqqı – 25 avrodan 220 min dollara kimi… ŞOK FAKTLAR!

1 Noyabr 2022 15:00 Neftçi 2 016
"Neftçi"nin Emin üzərində haqqı – 25 avrodan 220 min dollara kimi… ŞOK FAKTLAR!

“Neftçi”nin kapitanı Emin Mahmudov sports.ru saytına geniş müsahibə verib.

Millinin də formasını geyinən 30 yaşlı yarımmüdafiəçi Azərbaycanla Rusiya klublarında verilən məvacibləri müqayisə edib.

Sitat: “Azərbaycanda maaşlar yüksəkdir. “Qarabağ”, “Neftçi” və “Sabah”da böyük maaşlar var. Rusiya Premyer Liqasının ikinci “səkkizliy”ində olduğu kimi. Kiçik klublarda əməkhaqqı isə FNL-dəki kimidir. “Qarabağ”ın liderləri daha çox alırlar, çünki hər il avrokubokların qrup mərhələsində oynayırlar”. O, əvvəlki klubları ilə hazırkı komandasında əməkhaqqını da müqayisə edib: “Neftçi”də aldığım maaş əvvəlki klublarımdan azdır. Rusiyada hətta “Saturn”un birinci komandasında olarkən buradakından çox alırdım. Buraya əvəzedicilərdən gələndə 3 min dollar qazanırdım. Ancaq sonra maaşı qaldırdılar, əsas komandanın stabil oyunçularından birinə çevrildim. Üstəlik, başqa klublar da məni almaq istəyirdilər”.

Mahmudov 2017-ci ildən «Neftçi»dədir. Azərbaycana Portuqaliyadan – «Boavişta»dan gələn orta sahə oyunçusu Rusiyadan 6 il öncə ayrılıb.

Eminin rusiyalı həmkarlarımızla söhbətində pul mövzusuna böyük həvəs və həssaslıqla münasibət bildirməsi, güman ki, «Neftçi» ilə müqaviləsinin son aylarını yaşamasıyla əlaqədardır.

Gələn ilin yayında sözləşməsinin müddəti bitəcək. İndidən mətbuatda xəbərlər dolaşır ki, müxtəlif klublar onunla maraqlanır. Siyahı «Qarabağ»dan «Harts»a kimi uzanır.

«Neftçi» kapitanı ilə anlaşma sürəcini yeniləmək fikrindədir. Bizdə belə bir dəqiq informasiya var.

Ondan da məlumatlıyıq ki. Emin növbəti kontrakt müddətində daha çox gəlir əldə etmək niyyətindədir. Amma demək olmaz ki, «Neftçi» ötən illər ərzində bu yarımmüdafiəçiyə görə az xərcə düşüb, istədiyi məbləği ona verməyib.

Əvvəla, Mahmudova yadından çıxarmasın ki, Portuqaliyada legioner həyatı yaşadığı müddətdə nə qədər mükafat alıb. «Boavişta» qələbə qazandığı bir oyuna görə Eminə 25 avro (!) ödəyib.

Bəli, bəli, 25 avro! Liqada ortabablardan olan «Bovişta» həmin məbləği qəpiklə hesablayıb və Eminin qarşısına qoyub. Elə fərz etməyin ki, millimizin üzvü bu pula əlinin arxasıyla geri çevirib.

O, 25 avronu alıb və klub rəhbərliyinə dönə-dönə təşəkkürünü bildirib. «Neftçi»də isə hər oyuna görə qazandığı mükafat 1000 manatdan aşağı olmayıb.

Bir çox hallarda isə aldığı «ənam» bu rəqəmin iki-üç dəfə üstünə çıxıb.

Orxan Hüseynzadənin prezidentliyi dövründə «Neftçi»yə gələn Mahmudov öncə 120 min dollarlıq kontrakta imza atıb.

Yadımızdadır ki, həmin dönəmdəki rəhbərliyi üzərinə götürdüyü maliyyə öhdəliyini vaxtında yerinə yetirməyib. Nəticədə yarımmüdafiəçiyə 40 min dollar civarında borc yaranıb.

Problem məhz Sportinfo.az-ın bu haqda yazmasından və ictimailəşdirməsindən sonra həllini tapdı.

İnsafən demək lazımdır ki, o zaman prezident postunda Orxan Hüseynzadəni əvəzləyən Kamran Quliyev saytımızın tirajladığı informasiyaya həssas münasibət göstərmiş və futbolçunun narahatlığını aradan qaldırmışdı.

Əyri oturaq, düz danışaq - Emin Rusiyada və Portuqaliyada böyük pullar əldə etsəydi, «Neftçi»nin verdiyi 120 min dollara razılaşardı? Bu, heç inandırıcı deyil.

O pulları gördüyünü iddia eləyən oyunçu, necə olur ki, Bakıdan gələn ilk zəngə çox fikirləşmədən «hə» deyib? Normalda bir xeyli düşünməli, tərəddüd etməli idi, düzdür? O, belə mövqe sərgiləməyib.

Emin keçən zaman kəsiyndə «Neftçi» ilə müqaviləni iki dəfə imzalayıb. Son kontraktına əsasən, illik qazancı 180-220 min dollar həndəvərinə yaxınlaşıb.

İananırsız ki, «Saturn», yaxud Moskva «Spartak», «Krılya Sovetov» və «Mordaviya» həmin pulu Mahmudova ödəyib? Axı onda hələ gənc idi, yeni-yeni tanınırdı.

Ümumiyyətlə, «Neftçi»nin kapitanlıq bazubəndini qoluna taxan yarımmüdafiəçi üzərində maddi-mənəvi haqqı çoxdur. Doğrudur, o da formasını geyindiyi kluba şərəflə qulluq edib və edir.

Sadəcə, bu, elə bir incə məsələdir ki, haradan baxsan, «Neftçi» rəhbərliyinin Eminə münasibətdə diqqətli yanaşmasını görmək mümkündür.

Onun müqaviləsi «xüsusi bəndlər»lə zəngindir. Bir o qalıb kontrakta yazılsın ki, kapitanın gündəlik istifadəsində olan avtomobilin benzin pulunu da klub ödəməlidir.

Kaş Emin rus jurnalistlə söhbətində bunu deyərdi - o, belə isti münasibəti öncəki klublarının hansı birində görüb?

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti