"Neftçi"nin parlaq siması hələ belə günlər görməmişdi

1 Noyabr 2022 22:20 Neftçi 1 189
"Neftçi"nin parlaq siması hələ belə günlər görməmişdi

"Neftçi" Zirədə növbəti 3 xalı aktivinə yazdıra bildi.

İlk hissədə bir, ikinci yarıda isə iki qol vuran kollektiv sonda darmadağına sevindi.

Amma komandadan fərqli olaraq, yenə də "ağ qaralar"ın önəmli simalarından olan Yusuf Lavanın performansı fanatları sevindirmədi.

Belə ki, ciddi nə iləsə yadda qalmayan nigeriyalı 80-cı dəqiqədə yerini Gilyermo Patoya verməli oldu.

24 yaşlı oyunçunun formasında eniş artıq turlardı davam edir. Təsəvvür edin ki, son 8 matçda Laval nəticəyə təsir edən ağırlığını meydanda qoya bilməyib. Bu oyunlarda onun adına yazılacaq nə asist var, nə də qol.

Halbuki mövsümün ilk 4 turunda cinah oyunçusu bir qol və bir asistlə önə çıxa bilmişdi.

Yusuf Laval üçüncü mövsümdür Premyer Liqamızda iştirak edir. Və arxada qalan mövsümlərin heç birində onun karyerası belə durğunluqla müşahidə olunmayıb.

İlk gəldiyi mövsüm 24 görüşdə 2 qol və 5 asistlə yadda qalan oyunçu, ötən mövsüm isə 1 qol və 9 asistlə diqqət çəkə bilib. Heç bir halda isə onun 8 oyun susqun olduğu olmayıb. Maksimum 4 ( o da iki dəfə) görüşdən bir ya qol vurub, ya da asist edib.

Olmuya, adı bir çox klublarla hallanan futbolçu indi də öz oyununa tam köklənə bilmir?? Təbii ki, bu, bizim ehtimaldır. Doğrusunu isə zaman göstərəcək. Amma o da dəqiqdir ki, zəifləmiş Lavalla "Neftçi" də o qədər güclü görünmür.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti