SOCAR «Neftçi» rəhbərliyini yeni tələbi ilə tanış edib.
Neft şirkəti paytaxt klubunun idarəçilərindən mövsümün ilk yarısını 2-ci pillədə bitirməyi istəyib.
Elan olunub ki, əgər komanda qış fasiləsinədək Premyer Liqada «Sabah»ı qabaqlamasa, növbəti ildə islahatlar dalğası onların «qapısını döyəcək».
«Ağ-qaralar» çempionatın geridə qalan 12 turunda cəmi 25 xal toplayıb və 3-cı sırada yer alıb. «Neftçi» 1 oyun az keçirən lider «Qarabağ»dan 8, «Sabah»dan 6 xal geridədir.
SOCAR mənsubları, gözlənildiyi ki, mövcud durumdan kəskin narazıdır. Şirkətin özündə bununla bağlı mütəmadi müzakirələr aparılır, çıxış yolları axtarılır.
Görün, vəziyyət necə gərgindirsə, SOCAR-ın Türkiyə nümayəndəliyinin rəhbəri Zaur Qəhrəmanov klubda təcili toplantı təşkil edir, demək olar hamını danlayır, sərt mesajlar verir.
Müşahidə Şurasının üzvü kimi «Neftçi»yə aid məsələlər üzrə SOCAR qarşısında bir nömrəli məsul şəxs sayılan Qəhrəmanov özünün təyin etdiyi kadrlara narazılığını dilə gətirirsə, deməli, burada hər an hər şey ola bilər.
Bir yandan da azarkeşlərlər… Fanatlar bugünlərdə SOCAR-a müraciət eləyib. Şirkətin prezidenti Rövşən Nəcəfə ünvanlanan məktubda «Neftçi»nin yönəticilərindən narazılıq çoxsaylı faktlarla ifadə olunub.
Qeyd edilib ki, işinin peşəkarı olmayan kadrlar AFFA-nın təsiri altındadır və onlar yarıtmaz fəaliyyəti ilə klubu uçuruma yuvarlayıb.
Buna nümunə kimi faydasız transfer siyasətinin dövlət tərəfindən «Neftçi»yə ayrılan vəsaitdən səmərəsiz istifadəyə gətirib çıxardığı göstərilib.
Bildirilib ki, 2015-ci ildən bəri atılan addımlar, yanlış seçimlər tarixi klubun hədəflərini kiçildib.
Məktubu yazanlar R.Nəcəfdən «Neftçi»də də islahatlar aparmasını, şəxsi maraqlarını ön plana keçirən şəxsləri iş başından uzaqlaşdırmasını xahiş eləyib.
SPORTİNFO.AZ

