"Neftçi"nin idman direktoru harasa yoxa çıxıb, yoxsa..?

27 Oktyabr 2022 17:40 Neftçi 1 213
"Neftçi"nin idman direktoru harasa yoxa çıxıb, yoxsa..?

«Neftçi» gərginlik içindədir.

Klub növbəti islahat dalğasının biraddımlığındadır.

Hamı narazıdır - SOCAR-ın aidiyyatlı şəxsləri də, tribunaları dilxor halda tərk edən sadə azarkeşlər də.

İki «qütb» arasında «qızıl orta»nı tapa bilməyən, şəxsi maraqlarının əsirinə çevrilən idarəçilər indi başlarını itiriblər, nə edəcəklərini, nə iş görəcəklərini müəyyənləşdirməyə çətinlik çəkir.

Tərəfdar istefa tələbi səsləndirir. Kamran Quliyevin prezident, Zaur Əzizovun idman direktoru postundan göndərilməsini istəyirlər. Sosial şəbəkələr bununla bağlı çağırışlarla doludur.

Amma elə bil, lələ köçüb, yurdu qalıb - klubun üst çevrəsindən səs-əmir çıxmır. Harasa yoxa çıxmayıblar, qaçıb ölkədən getməyiblər – buradadırlar.

Sadəcə, fürsət gəzirlər, aranın sakitləşməsini, uğursuzluqların unudulmasını gözləyirlər.

Onları bura gətirən və əlbəttə ki, burada qalmalarını təmin edən qüvvə var. Həmin qüvvə «Neftçi» tərəfdarı deyil. «Neftçi» tərəfdarı ilk gündən bu şəxsləri istəmir və bu adamların təyinatının əleyhinə çıxıb.

Quliyevlə Əzizovu vəzifəyə əyləşdirən dairə hələ də güc sahibidir və azarkeş fikri onları qətiyyən maraqlandırmır.

Görürsüz, hesablaşmırlar, idarəçilər əleyhinə təzahüratları görməzdən gəlirlər, yazılan statuslar, verilən şərhlər heç tüklərini də tərpətmir.

Bu komandanı Zaur Əzizov yeniləyib. Ötən ilin dekabrında «Qəbələ»dən gələn funksionerin iştirakı və vasitəsilə 13 transfer əməliyyatı həyata keçirilib.

Düşərgəyə və düşərgədəki ab-havaya, vəzifə bölgüsünə bələd olan biri kimi deyə bilərəm ki, o, bu işi tək görməyib.

Əzizov bir çox həmkarlarını çaya susuz aparıb, susuz gətirər. Hara gəldiyini bilən, ehtiyatlı tərpənən kadrdır.

Təkbaşına, yaxud özbaşına çalışma yapacağı təqdirdə, onu nələr gözlədiyini öncədən təxmin etmək fərasətində olan biridir.

Zaur bəyin bu gün efirlərdən itməsinin, mətbuatın suallarını cavablandırmaqdan yayınmasının səbəbini biz gərək burada axtaraq.

Hesab edir ki, komandanın zəif çıxışı, yarıtmaz transfer siyasəti haqda danışası olsa, bütün məsuliyyət onun üzərində qalacaq.

Təbii, o, diqqət mərkəzinə bu cür düşmək istəmir və düşünür ki, digər cavabdehlər pərdə arxasından çıxmasa, yalnız özünün sinəsini qabağa verməsi intihara bərabərdir.

Əzizov vəzifəsində qalmaq, uzun müddət səlahiyyət yiyəsi olmaq iddiasındadır. Bir tək 10 min manat əməkhaqqı almaq üçün deyil.

«Neftçi» bu zat üçün ən prestijli və ən gəlirli iş yeridir. «Qəbələ»yə qayıtsa, yaxud başqa klubda çalışmağa başlasa, burada əldə etdiklərinə bir də əli çatmayacaq.

Ona görə də bu gün zaman udur, gözdən itir ki, baş məşqçi Lorentsiu Regekampf və futbolçuları «günah keçisi» etsin, özü isə yenə sudan quru çıxsın.

Kamran Quliyevə və digərləri mətbuata danışmağa başlasa, hə, bu, artıq başqa məsələ… Zaur Əzizovun istədiyi də budur.

Ortalıqda yeyib, qıraqda gəzənlər var e, bax, idman direktoru komandaya aid sualların onlara da ünvanlanmasında maraqlıdır.

KAMİL

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti