Son illər “Neftçi”nin hər uğursuzluğundan sonra daha çox baş məşqçilər müzakirə edilib. Və elə sonda da bütün günahların baş məşqçidə olması qənaətinə gəlinərək adıçəkilən postda dəyişikliyə gedilib.
Bu mövsüm “Neftçi” üçün yenə uğursuzluqla müşayiət olunur.
Hələ cəmi 11-ci tur olmasına baxmayaraq, komanda artıq 3 oyunda məğlub olubsa, bir oyunda da bərabərə qalıb. Bütün bu xal itkilərinin fonunda çempionluq şansı çox cüzi qalan kollektivin medalsız qalmaq perespektivləri belə müzakirə olunur.
Belədə yenə əksəriyyət düşünür ki, “Ağ qaralar”da nələrsə mütləq dəyişməlidir. Ki, hazırkı gedişat uğurlu gələcəkdən xəbər vermir.
Amma əvvəlki illərdən fərqli olaraq “Neftçi” fanatlarının böyük əksəriyyəti baş məşqçi Laurentsio Regekampfın yox, rəhbərliyin istefaya getməsinin tərəfdarıdır.
Bunu klubun sosial şəbəkələrdəki rəsmi hesablarından asanlıqla müşayidə etmək olar. Belə ki, paylaşılan postlara böyük çoxluq “Rəhbərlik istefa” şərhini yazır.
“Sabah”la sonuncu oyundakı məğlubiyyətdən (2:3) iki gün keçməsinı baxmayaraq, izləyicilər davamlı olaraq bütün postlara eyni şuarı yazmağa davam edirlər. Görünür, bu dəfəki uğursuzluqdan baş məşqçini minbir bəhanə ilə istefaya göndərib, azarkeşlərin təzyiqindən can qurtarmaq mümkün olmayacaq.
XANOĞLAN / SPORTİNFO.AZ

