"Neftçi"nin "Sabah"dan nəyi əskikdir? - REAL VƏZİYYƏT, ACI MƏNZƏRƏ

25 Oktyabr 2022 15:00 Neftçi 933
"Neftçi"nin "Sabah"dan nəyi əskikdir? - REAL VƏZİYYƏT, ACI MƏNZƏRƏ

"Neftçi" mövsümdə üçüncü məğlubiyyətini "Sabah"dan aldı.

Komanda daha əvvəlki iki məğlubiyyətdən birini "Qarabağ"dan almışdısa, digərini də elə "Sabah"dan almışdı.

Sirr deyil ki, Premyer Liqada iddialı üçlük ilk turlardan yaranıb - "Qarabağ", "Neftçi" və "Sabah".

Ümid olunurdu ki, son illər hegemonluq edən "Qarabağ" üçün digər iki rəqib sayəsində ciddi rəqabət, gərginlik yaranacaq.

Amma cəmi 11 turdan sonra məlum oldu ki, "ağ qaralar" bu mübarizədə yoxdur.

Hər halda əsas rəqiblə üç oyunda məğlubiyyət və autsayder "Turan Tovuz"la oyundakı bərabərlik bu qənatə gəlməyə yetərlidir.

Tutaq ki, "Qarabağ"a məğlubiyyəti min bir bəhanə gətirib anlayışla qarşıladıq. "Turan Tovuz"la oyundakı heç-heçəni də bir qəzadı deyib, üzərindən keçdik.

Bəs "Sabah"a hər iki oyunda da məğlub olmağa nə izah verək?

Masazır təmsilçisi mövsümdəki ən asan oyunun keçirdi. Kimsə hesabı və sondakı müəyyən "Neftçi" təzyiqin gözə soxmağa çalışmasın. Oyun qonaqlar 3:0 önə keçəndə bitmişdi. Sonrakı proseslər "Neftçi"nin əməyi yox, sadəcə rəqib arxayınçılığı və Kaşukun ağır zədələnməsinin mənfi psixoloji nəticəsiydi. Halbuki rəqib çempionluğa iddialı "Neftçi" idi. Ən azı layiqli məğlubiyyət yaşanmalıydı.

Ki, bu komandanın nə büdcəsi, nə heyəti "Sabah"dan zəif deyil, əksinə üstündür. Heç sivilərinə baxsaq Murad Musayev də Laurentsio Regekamfdan güclü mütəxəssis deyil.

Deməli, bugünkü "Neftçi"nin dərdi baş məşqçi, büdcə, futbolçular yox, yalnış idarəetmədir. Bu isə bu günün də yox, artıq neçə illərin gün kimi aydın olan nöqsanıdır. Amma nə hikmətdirsə, bir tədbir görən yoxdur. Sanki ya belə də olmalıdır, ya da belə olması kimlərəsə sərf edir. Ara yerdə olan isə əsəbləri pozulan, ümidlər hər mövsüm pozulan sadiq "Neftçi" fanatlarıdır. Proseslərin oxşar dalğasına illərdi şahidlik edən biri kimi, bilmirəm ki, onlara keçmiş olsun deyəm, yoxsa Allah səbr versin...

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti