Bu gün saat 18.30-dan etibarən gözlər və qulaqlar “Bakcell Arena”ya dikiləcək.
Həmin gün Premyer Liqanın 11-ci turu çərçivəsində həftənin mərkəzi qarşılaşması – “Neftçi” – “Sabah” oyunu baş tutacaq.
Sportinfo.az xəbər verir ki, vacib oyundan əvvəl “ağ-qaralar”ın əhval-ruhiyyəsi xoş deyil. Buna səbəb komandada zədəlilərin çoxluq təşkil etməsidir.
Belə ki, “Sabah”la görüşdə bakılılar birdən-birə 6 futbolçunun xidmətindən məhrum olub.
Komandanın aparıcı simaları Sezar Meza Kolli, Eddi İsrafilov, Azər Salahlının bazar günü meydana çıxmayacağı dəqiqdir. Mert Çelik, Vato Arveladze və Rəhman Hacıyev də qarşılaşmanı kənardan izləmək məcburiyyətindədir.
Yalnız Azər Əliyevin durumu sual altındadır ki, komanda ilə qismən məşqlərə başlayan futbolçu oynamağa tam hazır deyil.
Həkimlərin matç günü verəcəyi rəy baş məşqçi Laurentsiu Regekampfın qərarına təsir edəcək. Belində ağrılar olan Fərid Yusifli ilə bağlı qeyri-müəyyənlik var.
10 oyundan sonra “Sabah” topladığı 25 xalla turnir cədvəlinin 2-ci pilləsində yer alıb. “Neftçi” 22 xalla 3-cü sıradadır.
HƏBİB / SPORTİNFO.AZ

