Azər Əliyev hələ "Ufa"da çıxış edəndən Azərbaycan milli komandasına çağrılması ciddi müzakirə olunurdu.
Onun bu ilin yanvarı Rusiyanı Azəbaycana dəyişməsi müzakirənin real nəticə ilə əvəzlənəcəyinə yəqinlik yaratmışdı.
Əliyev artıq 9 aydı "Neftçi"nin üzvüdür. Amma milli komandada hələ də debüt etməyib. Ki, arxada qalan müddətdə ona Azərbaycan pasportu almaq müəssər olmamışdı.
Nəhayət, bu barədə rəsmi qərar dünən açıqlandı. Artıq Azər 21 oktyabrdan yerli futbolçu statusu ilə oynaya bilər.
Qərara ən çox sevinənlər "Neftçi" tərəfdarlarıdır. Çünki yerli futbolçu sayının artması baş məşqçinin də imkanlarını artırmış olacaq.
Amma Azər haqqında müzakirələr sanki bir qədər məqsədli şəkildə şişirdilir. Əsas da Rusiyada çıxış edən dönəmdə bəh-bəhlə milliyə gətirilməsinə çalışırdılar.
Gəlin etiraf edək ki, onun arxada qalan bir ilə yaxın dönəmdəki performansı heç də ürəkaçan olmayıb. Bəslən ümidlərin kölgəsində qalıb. Gözlədiyimiz, izlədiyimiz Azəri meydanda görə bilməmişik. Bunu onun ölkəmizdəki karyerası ilə bağlı statistikasında da görmək mümkündür.
Ağ qara formada 22 oyunda meydana çıxan yarımmüdafiəçi 1 qol və 4 asistlə yadda qalıb.
Bu görüşlərin 14-ü Samir Abasovun rəhbərlik etdiyi "Neftçi" dönəmində reallaşıb. Amma bu sayda oyunda heç nə ilə yadda qalmayıb.
Yeni mövsüm isə Regekampfdan 8 oyunda şans alan cinah oyunçusu 1 qol və 1 asistlə yadda qalıb. Hər iki fərqlənmə də “Zirə” ilə oyuda (2:1) qazanılan qələbəyə təsadüf edir.
Düzdü, stabil olaraq oynamaq fürsəti olmayıb. Amma bunu da birbaşa onun legioner statusunda olmasına bağlamaq olmaz.
Çünki “Rapid”lə Konfrans Liqasındakı matçlarda belə çalışdırıcı ona tam güvənməyib və iki görüşdə cəmi 33 dəqiqə şans verib. Avrokuboklarda da limit var idi?
Görünən odur ki, Azərin aşağı performansının, daha az şans almasının heç də tək səbəbi passport ala bilməməsi deyil.
Əbəs deyil ki, heç milli komandaya çağrılması üçün pasport almasına canfəşanlıq da göstərilmirdi. De Byazinin gözünü tutsaydı, çoxdan onun məsələsi həll edilmişdi.
Yox, israrla deyirlərsə ki, pasport alandan sonra daha çox şans qazanacaq və daha yaxşı forma yığacaq, olsun, onu da gözləyərik...
XANOĞLAN İMANOV

