Çempionluq iddiasını gizlətməyən “Neftçi”ylə “Sabah”ın növbəti qarşılaşması səbrsizliklə gözlənilir.
Mövsümlərarası fasilədə kifayət qədər güclənən komandalar xal fərqində “Qarabağ”dan geri qalsa da, digər 7 rəqibinə nisbətən inamlı və iddialı təsir bağışlayır.
Turun mərkəzi görüşü olduğunu nəzərə alıb oyuna fərqli cinahlardan yanaşmaq qərarına gəldik.
Rusiya – Rumıniya “savaşı”
Oyuna rəng qatan əsas məqamlardan biri, bəlkə də birincisi komandaların başında əcnəbi mütəxəssislərin dayanmasıdır.
Aleksey Baqanın (“Sumqayıt”) istefa verməsindən sonra Premyer Liqada iki legioner məşqçi qalıb – biri Murad Musayevdir, o biri Laurentsiu Regekampf.
Rusiyalı Musayev rumıniyalı həmkarından həm yaş, həm də təcrübə baxımından geri qalır. Buna baxmayaraq, qısa müddətdə “Sabah”da gördüyü işlər – formalaşdırdığı kollektiv, oynatdığı futbol və əldə etdiyi nəticələr onu daha çox sevdirməkdədir.
Bazar günü, həm də, rusiyalı məşqçinin “Krasnodar”da, rumın Regenin Rumıniya, Bolqarıstan, BƏƏ, Səudiyə Ərəbistanı kimi ölkələrdə topladığı təcrübənin savaşı gedəcək. Maraqlı olacaq.
3 penlti, ağır yara
Bu komandalar cari mövsümdə artıq bir dəfə üz-üzə gəlib. Premyer Liqanın 3-cü turu çərçivəsində “Bank Respublika Arena”da münasibətlərinə aydınlıq gətirən “Sabah”la “Neftçi”nin duelindən meydan sahibləri qalib ayrılmışdı – 2:1.
Kifayət qədər gərgin və maraqlı keçən oyunun 37-ci dəqiqəsində Kristian Sebalyos penlati zərbəsini boşa vermiş, ilk yarıya əlavə olunmuş dəqiqədə Yusuf Laval hesabı açmışdı.
Fərid Hacıyevin “Sabah”ın xeyrinə verdiyi daha 2 penalti vuruşunda Aleksey İsayevlə Emmanuel Epah İvan Brkiçi məyus etməklə “tələbələr”ə qələbə qazandırmışdı.
Oyunda 3 dəfə təyin olunan 11 metrlik cərimə zərbəsi sonradan geniş müzakirələrə yol açmışdı.
“Neftçi”də əsas problem
“Neftçi”nin doğma meydanda və azarkeşləri önündə oynayacağını nəzərə alsaq, bu cəhətdə rəqibindən bir addım öndə olduğunu deyə bilərik. Lakin komandada hazırkı duruma baxanda, bakılıların halına acımamaq olmur.
Ölkə çempionatının son gümüş medalçısı zədəli futbolçuların çoxluğundan əziyyət çəkir. “Sabah”la qarşılaşmadan öncə “ağ-qaralar” birdən-birə 6 futbolçunun xidmətindən məhrum olub, Azər Əliyevin meydana çıxıb-çıxmayacağı isə sual altındadır.
Düzdür, “Sabah”da da itkilər yox deyil. Oçiqava, Kristian və Fofana xeyli vaxtdır zədədən əziyyət çəkir. Fərq ondadır ki, “Sabah” cari mövsümdə onların xidmətinə bel bağlamadan uğur qazanmaqda davam edir. Yəni onların yeri görünməyəcək.
Qeyri-sabitlik, əsas rəqiblərə məğlubiyyətlər
“Sabah”ı oyundan əvvəl hesabda önə keçirən ikinci məqam rəqibinin qeyri-sabit təsir bağışlamasıdır.
“Tələbələr” cari mövsümdə yeganə məğlubiyyəti “Qarabağ”dan alıb ki, həmin görüşün son saniyələrində laynsmanın kobud səhvi olmasaydı, çox güman, oyun 3:3 hesabı ilə tamamlanacaqdı.
Xal itirdiyi digər matç isə “Səbail”lə olub. Musayevin yetirmələri 90 dəqiqə üstün təsir bağışlamış, saysız qol epizodları yaxalamış, rəqibin böyük qüvvə ilə müdafiə olunmasına görə qol vura bilməmişdi.
“Neftçi”yə gəlincə, paytaxt təmsilçisi çempionluq yolundakı hər 2 əsas rəqibinə məğlub olub. “Qarabağ”la “Sabah”a yenilgilər azmış kimi, “Turan Tovuz”la qarşılaşmada itirilən 2 xal da turnir cədvəlindəki mövqeyə birbaşa təsir edib.
Nəticələrdən və oyunlardan göründüyü kimi, “Sabah” “Neftçi”ylə müqayisədə sabit təsir bağışlayır. İstər oyun planında olsun, istərsə də nəticə.
Psixoloji durumda “Sabah” öndədir
Bərabər səviyyəli komandaların duellərində mövcud durum və psixoloji hazırlıq əsas yer tutur.
Bu gün “tələbələr” olduqca rahatdır. Murad Musayev meydana arzuladığı “11-liy”i buraxacaq. Üstəlik, turnir cədvəlindəki durum rusiyalı çalışdırıcı ilə yetirmələrinin üzərində əlavə təzyiq yaratmır.
Məsələn, oyunun heç-heçə başa çatması “Sabah”lıların ürəyincə olacaq. “Neftçi” formasında mübarizə aparanlar isə qələbə həvəsi ilə alışıb-yanacaq. Ehtiyatı əldən vermək, eyni rəqibə ikinci dəfə məğlub olmaq “ağ-qaralar”a çempionluq və “gümüş” yolunda böyük zərbə olacaq.
Odur ki, mümkün təzyiqi indidən hiss etmək çətin deyil.
HƏBİB / SPORTİNFO.AZ

