"Ahmed Ahmedovla yanaşı, Buruno Teluşidə də belə problem vardı. Bu, "Neftçi"dən qaynaqlanan məsələ deyil".
Bu sözləri Sportinfo.az-a açıqlamasında "Neftçi"nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev sabiq futbolçuları Fhmed Ahmedovun iddiasına münasibət bildirərkən dilə gətirib.
Belə ki, 2020/2021 mövsümündə "Neftçi" ilə çempionluq yaşayan bolqarıstanlı forvard qazandıqları uğura görə almalı olduğu mükafatın ona verilmədiyini deyib.
Sitat: "Neftçi"də gözəl günlər keçirmişəm. Kamran Quliyev çempion olduqdan sonra vəd etdiyi mükafatı komandanı tərk edən futbolçulara vermədi.
Sonradan eşitdim ki, “Neftçi”də qalanlara mükafat ödənilib, gedənlər isə yada düşməyib. Əsas odur ki, çox gözəl çempionluq yaşadıq. Yaxşı dostlar qazandım. Həyatda puldan daha vacib şeylər var".
Klub rəsmisi problemin olduğunu gizlətməyib və bunun nədən qaynaqlandığına ətraflı aydınlıq gətirib:
"Adları çəkilən hər iki oyunçuya da ödənişi edə bilməmişdik. Buna səbəb onların ölkədən ayrılmasından sonra Miqrasiya Xidmətindəki kart hesablarının bağlanması idi.
Teluşinin ödənişi sonra edildi. Amma Ahmeddə qalırdı. Dünən özü ilə də danışanda, bildirdik ki, problem səninlə bağlıdır.
Yəni, "Neftçi" ilə bağlı problem deyil. Hesab problemini həll edən digər futbolçuların ödənişləri həyata keçirilib.
Ahmedin Azərbaycandakı hesabları bağlı olduğu üçün bizə başqa hesab verməlidir ki, ödənişi edə bilək.
Gözləyirdik ki, pulu köçürmək üçün bizə bank hesabı versin və yaxud da gəlib Azərbaycandakı hesabını bərpa eləsin. Futbolçunun özünün də bu barədə məlumatı var.
Ahmedlə bağlı digər məsələ də o idi ki, maaşını bizdən almırdı. "Neftçi" onu ÇSKA-dan (Sofiya) icarəyə götürmüşdü.
Maaş da klubuna ödənilirdi. O da pulunu müqavilə ilə məxsus olduğu Bolqarıstan təmsilçisindən alırdı.
"Neftçi" onu yalnız avtomobil və evlə təmin edirdi. Yəni məsələnin gecikməsində əsas amillərdən biri də bu idi".
XANOĞLAN

