Premyer Liqanın 12-ci turunun mərkəzi qarşılaşması bu dəfə Zirə Olimpiya Kompleksinin meydanında baş tutacaq.
Ötən mövsümün gümüş medalçısı “Neftçi” “bürünc”ün sahibi “Zirə”nin qonağı olacaq.
Turnir cədvəlinin bugünkü vəziyyətində sözügedən komandalar yenə qonşudur. “Ağ-qaralar” 22 xalla 3-cü, “qartallar” 19 xalla 4-cü sırada yer alıb.
Madam ki, söhbət yekun hesabı böyük səbrsizliklə gözlənilən oyundan gedirsə, fərqli nöqtələrə toxunmağın vaxtıdır.
Rəşad Sadıqovun unutmadığı gün
Komandalar arasında ilk dövrəyə təsadüf edən birinci oyun avqustun 26-sına təsadüf etmişdi ki, olduqca gərgin və maraqlı keçən qarşılaşmada meydan sahibi “Neftçi” Elçin Məsiyevin final fitindən dərhal sonra sevinən tərəf olmuşdu.
“Bakcell Arena”da 3000 nəfərin izlədiyi görüşün əvvəlində Qodsvey Donyo hesabı açmış, Hamidu Keyta penalti zərbəsi ilə 1:1-ləri qoşalaşdırmış, 79-cu dəqiqədə səhnəyə çıxan Azər Əliyev komandasının qələbə topuna imza atmışdı.
Həmin gün bakılılar zirəliləri, əcnəbi Laurentsiu Regekampf çılğın və məğlub olmağı sevməyən Rəşad Sadıqovu məyus etmişdi.
Yarımcan…
“Neftçi”nin hazırkı durumu 2 ay əvvəlki kimi deyil. Komandada kifayət qədər zədəli və cəzalı futbolçu var. Voislav Stankoviçlə İsmayıl Zülfüqarlı cəza səbəbindən meydana çıxmaqdan məhrumdur. Sezar Meza Kolli, Eddi İsrafilov, Mert Çelik və Rəhman Hacıyev isə zədəyə görə oynaya bilməyəcək. Azər Salahlı, Vato Arveladze və Azər Əliyev komanda ilə məşqlərə start verib. Amma heç biri 90 dəqiqə mübarizə aparmağa hazır deyil. Ötən həftə “Sabah”la qarşılaşmanın ilk yarısında zədələnərək fasilədən əvəzlənən Yusuf Laval da tam gücü ilə məşq edə bilmir. “Ağ-qaralar”ın bu qədər itki və müəmmanın fonunda uğurlu nəticəyə imza atması çətin görünür.
…gücü ancaq “Kəpəz”ə çatan “Neftçi”
Ümumiyyətlə, sentyabrda millilərin oyunları ilə bağlı yaranmış fasilədən sonra “Neftçi” özünə bənzəmir. Regekampfın fasilə dönəmində Rumıniyada başına gələnlərin nəticəsidir, yoxsa başqa səbəbi var, faktiki, komanda oktyabrda meydana çıxdığı 4 çempionat oyununun yalnız 1-də qələbəyə sevinib. “Qarabağ”la “Sabah”a uduzub, “Turan Tovuz”la qolsuz bərabərə qalan bakılılar yalnız “Kəpəz”i udub.
Komandada psixoloji durumun yerində olmadığı danılmaz faktdır. Bir tərəfdən itkilər, digər yandan xoşagəlməz nəticələr.
Bu baxımdan “Zirə”nin vəziyyəti yaxşıdır. Heyətdə ciddi itki(lər) yoxdur, “qartallar” son 5 oyunun 3-nü qələbə ilə başa vurub.
“Zirə” üçün böyük üstünlük
Psixoloji baxımdan üstünlük meydan sahiblərinin tərəfindədir. “Neftçi”nin rəqibindən büdcə, ad-san, təcrübə baxımından üstün olduğunu hər kəs bilir. Yəni bu komandaya yenilgi zirəlilər üçün dünyanın sonu olmayacaq. Onsuz da məqsəd avrokuboklara vəsiqə qazanmaqdır ki, bunun üçün kubok mübarizəsi və kubokunun qalibinin adından asılı olaraq 4-cü pillə də kifayət edir.
Amma “Neftçi” üçün belə deyil. Regekampfın yetirmələri “Qarabağ”la “Sabah”ın ardınca “Zirə”yə də uduzsa, xallar bərabərləşəcək (22). Bu isə növbəti oyunlar üçün ciddi problem deməkdir. Odur ki, “ağ-qaralar” azarkeşlərinin könlünü oxşamaq və ən əsası, turnir cədvəlindəki vəziyyəti yaxşılaşdırmaq üçün meydana qələbə arzusu ilə çıxacaq.
Bu, “Zirə”nin ziyanına işləyə bilər
“Neftçi”ni ümidləndirən əsas məqamlardan biri rəqibinin güclü komandalarla oyunda istəyinə çata bilməməsidir.
Cari çempionata nəzər yetirsək, qəsəbə təmsilçisi avqustdan bu yana ilk “3-lük”də yer alan komandalara bütün oyunlarda məğlub olub. “Qarabağ”dan 1:7-lik ağır zərbə alıbsa, “Sabah”a hər 2 halda uduzub – 1:3, 0:1. “Neftçi”ylə 4-cü turdakı qarşılaşmada da 1:2-lik məğlubiyyətdən qaçmaq mümkün olmayıb.
Bu, “Zirə”nin rəqiblərindən heyət baxımından geri qalmasının nəticəsidir, söz yox. Amma müəyyən mənada təcrübəsizlik də özünü göstərir.
Məsələn, “Sabah” “Neftçi”ylə oyunda 3:1 hesabı ilə öndəydi. “Ağ-qaralar” azlıqda qaldı, buna baxmayaraq, 1 qol vurmağı bacardı. Hətta hücumda dəqiqlik olsaydı, matç heç-heçə də sonuçlana bilərdi. Yəni “Neftçi”də hər nə qədər cəzalı və zədəli futbolçuların sayı çox olsa da, təcrübə baxımından zirəliləri açıq-aşkar üstələyir.
HƏBİB / SPORTİNFO.AZ

