Daxili İşlər Nazirliyinin futbol klubunun rəhbəri: "Biz gələcək nəsilin yetişdirilməsində maraqlıyıq"

7 Mart 17:00 Müsahibə 953
Daxili İşlər Nazirliyinin futbol klubunun rəhbəri:

II Liqada mübarizə aparan «Dinamo»nun İdarə Heyətinin sədri Yaşar Seyidov Sportinfo.az-ın suallarını cavablandırıb.

- "Dinamo"da mövcud durum necədir?

- "Dinamo" komandası İkinci Liqanın startına bir həftə qalmış AFFA İcraiyyə Komitəsinin qərarı ilə çempionata buraxılıb. Vaxtımızın cəmi 1 həftə olmasına baxmayaraq, İsgəndər Cavadov Akademiyasında olan gəncləri və bir vaxtlar Bakı Futbol Akademiyasında çıxış etmiş futbolçuları bir araya gətirib normal kollektiv formalaşdıra bildik. Bu gün heyətin bütün üzvləri demək olar gənclərdən ibarətdir. İnanıram ki, yaxın zamanda həmin gənclərdən bəzilərini Premyer Liqada görə biləcəksiz. Mən onlarda bu inkişafı görürəm. Biz gələcək nəsilin yetişdirilməsində maraqlıyıq.

- Birinci dövrədən sonra heyətdə edilən dəyişiklər qarşıdakı dönəm üçün nə vəd edir?

- Biz qarşıya yüksək yerlər uğurunda mübarizə aparmaq hədəfi qoymamışıq. Normal futbol oynamaq və ən əsası 5-7-ci pillələrdən birini tutmağı nəzərdə tutmuşuq. Yəqin ki, sonda buna nail olarıq. Hazırlıqlarımız davam edir. Komandadan 5-6 futbolçu ayrılıb, əvəzində 2-3 yeni oyunçu cəlb etmişik. Yeniləri "Səbail", "Cəbrail" və "Difai" komandalarından heyətə qatmışıq. Onlar hazırda hazırlıq prosesində iştirak edirlər. Martın 4-ü "Şəmkir"lə ikinci dövrədəki ilk oyunumuz Bakıda olacaq.

- Novruz Əzimovun baş məşqçi postundan ayrılmasından 3 ay keçir. Belə görünür ki, köməkçi məşqçi ilə yola davam etməyi planlaşdırırsız?

- İsmayıl müəllim bizim 19 yaşlılardan ibarət komandanın məşqçisidir. Hazırda "Dinamo"da da bu yaşda futbolçular çıxış edir. Heyətdə ciddi dəyişiklik yoxdur. Demək olar ki, hamısı öz futbolçularımızdır. Bu baxımdan indiki halda hansısa dəyişikliyə ehtiyac görmədik. Növbəti mövsüm iddialı komandamız olacaqsa, onda heyət və məşqçi ilə bağlı dəyişiklər ediləcək.

- "Dinamo" ev oyunlarını Binədə, məşqlərini isə Abşeron Olimpiya Kompleksində keçirir. Gələcəkdə klubun bazasının olması nəzərdə tutulur?

- Ad çəkmək istəmirəm. Müəyyən qurumlarla bizə torpaq ayrılması üçün şifahi razılıq əldə etmişik. Gələcəkdə həmin ərazidə həm təlim-məşq bazası, həm də ev oyunlarını keçirmək üçün stadionun inşa olunması ilə bağlı plan var. Yaxın zamanda torpaq məsələsi öz həllini tapacaq. Təbii ki, bunun üçün maliyyə vəsaiti lazımdır. Yer ayrılandan sonra iş adamları ilə danışıqlar aparacağıq. Tərəfdaş kimi və ya futbolun inkişafı naminə dəstək olsunlar. Düşünürəm ki, biz bütün bunları həyata keçirə biləcəyik.

- "Dinamo"nun bu gün yalnız AFFA-nın ayırdığı 50000 manatdan asılı olduğunu deyə bilərikmi?

- Xeyr, kluba müəyyən köməklik olunur. Bununla bağlı zamanı gələndə məlumat verərik.

- Bu gün Daxili İşlər Nazirliyinin balansında olan kluba göstərdiyi diqqət sizi razı salır?

- Komanda yaradılanda nəzərdə tutulan nə varsa, onunla da yola davam edirik. Çempionata başlayanda büdcənin nə olduğunu bilirdik. İşimizi də buna uyğun qurmuşuq. Heç bir çətinliyimiz yoxdur. Sözsüz ki, komandanın güclənməsi, infrastrukturun qurulması, qidalanma, nəqliyyat üçün vəsait lazımdır. Amma bu gün yeni yaranmış klub kimi çempionatı nəzərdə tutulan xətt üzrə başa vurmağı düşünürük.

- Belə davam etmək çətinlik yaratmır?

- Xeyr. Öncədən təyin olunan maliyyədən kənara çıxmadan işlərimizi davam etdiririk.

- Klubun strukturu ilə bağlı məsələ nə yerdədir? Müşahidə Şurasının yaradılması nə vaxta planlaşdırılır?

- Əvvəlcədən də nəzərdə tutulub ki, klub İdarə Heyəti və Müşahidə Şurasından təşkil olunsun. Bunun üçün idarə heyəti futbol adamlarından təşkil olunacaq. Mən özüm idarə heyətinin rəhbəri kimi fəaliyyət göstərirəm. Amma Müşahidə Şurası da nəzərdə tutulub. Onun üzvləri Daxili İşlər Nazirliyi tərəfindən təsdiq olunmalıdır. Amma hələ təsdiq olunmadığı üçün bu gün "Dinamo"da yalnız idarə heyəti formalaşıb.

- İdarə heyətində sizdən başqa kimlər var?

- Məndən başqa Milli Məclisin iki üzvü var. Bunlar Fazil Mustafa və Anar Məmmədovdur.

- Müşahidə Şurasında hansı adları görə bilərik?

- Müşahidə Şurası barədə hələ söhbətlər gedəcək. İndi nəsə deyə bilmərəm. İşlər yekunlaşadan sonra bir fikir demək olar. Nə vaxt həllini tapacağı ilə bağlı fikir deyə bilmərəm.

- "Dinamo" yarananda AFFA açıqlamışdı ki, həqiqi hərbi xidmət yaşı çatanlar burada cəmləşəcək. Bu məsələnin qısa müddətdə həll edilməsi üçün İcraiyyə Komitəsinin qərarı olmalıdır. Görünür, icrası gecikir...

- Bəli, belə bir qərar var. İcraiyyə Komitəsində deyilir ki, Peşəkar Futbol Liqası və AFFA baş katibinə tapşırılsın ki, "Dinamo"ya cəlb olunan futbolçular U-19 komandamızın üzvləri olmalıdır. Bundan kənara çıxılmamalıdır. Həqiqi hərbi xidmətlə bağlı məsələlər nəzarətə götürülüb. Əgər idmançılar sağlamdırsa, həqiqi hərbi xidmət keçməlidirlər. Bu qərar öz təsdiqini tapandan sonra gənclər millimizin üzvləri əsgərlik müddətini "Dinamo"da keçirəcəklər.

- Bunun üçün Səfərbərlik Xidməti ilə "Dinamo" arasında anlaşma olmalıdır. Bu məsələ necə həllini tapacaq?

- Bütün bu məsələlərdə söz sahibi AFFA rəhbərliyidir. Federasiya Daxili İşlər Nazirliyinə, Səfərbərlik xidmətinə müraciətlər ünvanlamalıdır. Və bunun əsasında futbolçuların əsgərlik dönəmini idman klubunda keçirməsi təmin edilməlidir.

- Müvafiq qərarın verilməsi nə vaxta gözlənilir?

- Ancaq bizim Müşahidə Şurası təsdiqlənəndən sonra bunun hüquqi qiymətləndirilməsi başlayacaq.

- Belə başa düşdüm ki, qərar yay aylarına qalır...

- Çempionatın sonuna 3 ay qalır. Komanda yaradılanda da belə davam etməyi düşünürdük. Çünki sənədləşmə işi çox böyük vaxt aparır. Hələ bizim qeydiyyat məsələsi qalır. Amma nəzərdə tutulduğu kimi növbəti mövsümə qədər məsələ öz həllini tapmalıdır. Prezidentin sərəncamına əsasən iyun ayından başlayaraq həqiq hərbi xidmətə gedən bütün çağrışçılar sağlamlıq haqqında müayinələrini Sosial Müdafiə nazirliyində aparmalı olacaqlar. Sağlamlıq haqqında arayış da oradan veriləcək. Müəyyən hallar artıq olmayacaq. Dövlətin qanunları əsasında futbolçuların xidmətlərini futbolçu kimi aparmalarına kömək edəcəyik.

- Milli komandalara çağrılmayan, amma əsgərlik yaşına çatan futbolçular "Dinamo"da çıxış edə bilməz?

- Bunun üçün İcraiyyə Komitəsinin qərarı var. Peşəkar Futbol Liqasının tövsiyələri nəzərə alınacaq. Əgər tövsiyə olunsa ki, bu futbolçular Azərbaycan futbolunun gələcəyi üçün perespektiv vəd edirlər, o zaman istisna hal kimi AFFA rəhbərliyi onlarla bağlı da müfaviq orqanlara müraciət etmək səlahiyyəti var. "Dinamo" rəhbərliyinin bu məsələdə heç bir səlahiyyəti yoxdur.

- Seçimin "Dinamo"nun öhdəliyinə buraxılması doğru olmazdımı?

- Təbii ki, bizim heyətdə olan futbolçularla bağlı lazım olarsa, PFL-ə müraciət edəcəyik. Amma razılıq verilməsi qurumun ixtiyarındadır.

- PFL rəhbərliyi mütəxəssis deyil ki, qərar da versinlər...

- AFFA-nın Məşqçilər Komitəsi var. Onların tövsiyələri nəzərə alınacaq. Təbii ki, bu işlər 1-2 adamın istəyilə olmayacaq.

- Son illər yaranmış boşluqlar səbəbindən bu gün milli komandanın üzvləri belə müxtəlif adlarla həqiqi hərbi xidmətdən yayınıblar. Onların da "Dinamo"ya cəlb olunması gündəmdə olacaq?

- Klubun yaranmaqda məqsədi odur ki, o cür neqativ halların qarşısı alınsın. Bu, Premyer Liqada və ya avrokuboklarda iştirak edən klublarımızın da üzvü ola bilər. "Dinamo" qanun çərçivəsində hər birinin həqiqi hərbi xidmətə çağrılmalarına kömək edəcək.

- Uzun illərdən sonra Azərbaycan futbolunda İkinci Liqa bərpa olundu. Oyunları yaxından izləyən mütəxəssis kimi təəssüratlarınız necədir?

- Tam səmimi deyim ki, liqanı yaratmaqda gecikmişik. AFFA və PFL rəhbərliyinə minnətdarıq ki, artıq Azərbaycan futbolunun coğrafiyası bütün regionları əhatə edir. Bu, çox gözəl haldır. Şimal və Cənub bölgəsi uzun müddət idi futbolsuz qalmışdı. Bu gün "Lerik" komandası çıxış edir. Qərb zonasında "Göyəzən", "Şəmkir" var. Ən xoş haldır ki, biz ora gedəndə insanların necə sevinərək oyunlara baxmağa gəldiyinə şahid oluruq.

- Təklifləriniz nədən ibarətdir?

- Bu gün təkliflər çoxdur. AFFA Azərbaycan futbolunun inkişafı üçün müəyyən işlər görür. Amma dövlətin gücü olmadan inkişafı yüksək səviyyədə etmək qeyri-mümkündür. Azərbaycanda futbolu inkişaf etdirməklə bağlı mütləq dövlət proqramı qəbul edilməlidir. Düşünürəm ki, həmin proqram 2024-2030-cu illəri əhatə etməlidir. Burada futbolumuzun inkişafı yer almalıdır. Çox istərdim ki, AFFA rəhbərliyinin təşəbbüsü ilə bütün liqalarda iştirak edən klubların rəhbərləri ilə görüş təşkil edilsin. Orada hər bir klub futbolun inkişafı üçün öz proqramlarını təqdim etsin. Qəbul ediləcək dövlət proqramında da bütün idman adamlarının ümumi məhsulu ortaya qoyulsun. Bunun əsasında futbolun inkişaf yoluna çıxaq. Şəhərdə, rayonda düşüncələr fərqlidir. Fərqli fikirləri alıb, dövlət rəhbərliyinə müraciət edib mükəmməl proqram tərtib etmək lazımdır.

- Premyer Liqa klubları bildirir ki, dövlətin bizə ayırdığı 3 milyon yardım azdır. Həmçinin Birinci Liqa klubları 300 min manatlıq yardımdan narazıdır. İkinci Liqada isə bu rəqəm 50 min manatdır. Sizin bununla bağlı mövqeyniz necədir?

- Sözsüz ki, azdı. Elə Premyer Liqa üçün 3 milyon da azdır. Ən böyük problem infrastrukturun olmamasıdır. Ona görə də dövlətin proqramında hər bir kluba infrastruktur qurması üçün torpaq sahəsi ayrılsın. İkinci məsələ güzəştli kreditlərdir. Bu gün verilən kreditin bir aydan sonra faizi hesablanır. Klub özü proqram təqdim edir və baxıb təsdiq edirlər ki, bu kluba infrastruktur yaratması üçün iki il ərzində 10 milyon pul lazımdır. İşlər yekunlaşandan sonra həmin 10 milyonun qaytarılması 2-3 ildən sonraya nəzərdə tutulmalıdır. Bu gün 10 milyon verib, bir aydan sonra başlayırsan ki, onun faizini ödə. Belə mümkün olan şey deyil. Dövlət özü bunu nəzarətə götürməlidir. Ətrafımıza baxmalıyıq. Ən azı Türkiyədə, Rusiyada bizdən əvvəl qəbul edilən proqramlara baxmalıyıq. O vaxt Türkiyə millisi İngiltərəyə 0:8 məğlub olandan sonra komandanı ölkəyə buraxmırdılar. O zaman Turqut Özalın rəhbərliyi altında hökümət hava limanına getdi və orada futbol adamları ilə dövlət proqramı qəbul edildi. Ondan sonra "Qalatasaray" UEFA Kubokun qazandı. Türkiyə millisi Dünya Çempionatında üçüncü pilləni tutdu. Bu gün də seçmə mərhələlərin favoriti Türkiyə millisidir. Yığmanın çox sayda üzvü legioner həyatı yaşayır. Bu gün iş adamları uşaq futboluna yaxın gəlmir. Amma bilsək ki, bunun arxasında müəyyən güzəştlər onu gözləyir onda yaxın gələcəklər. Bu gün bunların heç biri yoxdur. Heç nə təklif etmədən tələb edəndə insanlar səndən qaçırlar. Mütləq dövlət proqramı nəzərə alınmalıdır.

- Uzun illərdi futbol sahəsində yüksək vəzifələrdə çalışmısınız. 2004-cü ildəki islahatlarda böyük xidmətləriniz olub. AFFA-da mart ayında seçkilər keçiriləcək. Gözləntilləriniz nədir?

- İnanırıq ki, seçkilərdən sonra futbolumuzun inkişafı ilə bağlı qərarlar qəbul olunacaq. Futbol ictimaiyyətinə yaxşı günlər arzu edirəm (gülür).

Xanoğlan İmanov

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!