Səlahətin müdafiəsinə qalxdı, suala cavab tapmadı, rəqibin qolunu təriflədi

17 Aprel 20:00 Müsahibə 347
Səlahətin müdafiəsinə qalxdı, suala cavab tapmadı, rəqibin qolunu təriflədi

“Səbail”in futbolçusu Valdemar Almeyda Sportinfo.az-a müsahibə verib.

Pana ləqəbli portuqaliyalı yarımmüdafiəçi komandasının “Kəpəz”lə bərabərə qaldığı (3:3) qarşılaşma haqda sualları cavablandırıb.

- Qələbə hesabını qorumağa nə mane oldu?

- Nə deyəcəyimi bilmirəm. Qısa müddətdə 3 qol vurub geridönüş etmək və son saniyələrdə qol buraxmaq... İkinci hissəni möhtəşəm keçirdik, xarakter göstərdik. Ani diqqətsizlik qapımıza qol gətirdi. Günahı özümüzdə axtarmalıyıq. Mən də daxil olmaqla rəqibə zərbə vurmağa imkan verməməliydik.

- O anda nə baş verdi? Sanki Mate Kvirkviyaya qol vurmaq üçün dəhliz açmışdınız.

- Həmin futbolçunun haqqını yemək olmaz. Həqiqətən əla zərbə ilə baxımlı qol vurdu. Bəlkə də zərbə vuracağını gözləmirdik. Bəlkə də azlıqda qalmağımız xərlərarası əlaqənin itməsinə səbəb oldu. Konkret səbəb göstərmək çətindir. Danışmaqla heç nə düzəlməyəcək. Bu kimi səhvlərdən nəticə çıxarmalıyıq ki, qarşıdakı 6 oyunda diqqətli olaq. Premyer Liqada belədir, səhv edəni bağışlamırlar.

- “Kəpəz” birinci və sonuncu qolu uzaq məsafədən vurdu. Səlahət Ağayevin inamsızlığı sizi də ruhdan salır?

- Buraxılan qola görə bir nəfəri günahlandırmaq düzgün deyil. Futbol komanda oyunudur, uduzanda hamı səbəbkar olur. Rəqibin uzaq məsafədən rahat zərbə vurmaması üçün onun qarşısını almalıyıq. Yaxud cərimə meydançamıza qədər gedib çıxmasına imkan verməməliyik. Biz bir ailəyik, udanda da, uduzanda da səbəbkar hamımız oluruq.

-Artıq neçənci dəfədir hesabda geri düşəndən sonra geridönüş etməyi bacarırsınız. Oyuna istədiyiniz kimi başlamağınıza nə mane olur?

- Bu sualın cavabını heç kim bilmir. Açığı, özümə də maraqlıdır. Baş məşqçimiz hər dəfə xəbərdarlıq edir, lazım olan tapşırıqları verir. Ancaq yenə həmin şey təkrarlanır. Hesabda geri düşmək problem deyil, vacib olan odur ki, xarakteri göstərməyi bacarırıq. Bu gün qalib gəlsəydik, bəlkə də bu fakt heç kimi narahat etməyəcəkdi, əksinə, təriflənəcəkdik.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 12:40 "Qarabağ" SUSDU