“Sanki müharibəyə çıxmışdıq” – “Sən, mən”i olmayan komandanın kapitanı

10 Aprel 16:40 Müsahibə 504
“Sanki müharibəyə çıxmışdıq” – “Sən, mən”i olmayan komandanın kapitanı

“Turan Tovuz”un kapitanı Şəhriyar Əliyev Sportinfo.az-a müsahibə verib.

Təcrübəli müdafiəçi komandasının “Sabah” üzərində əldə etdiyi 2:0 hesablı qələbə haqda sualları cavablandırıb.

- 2022-ci ildən bu yana “Sabah”ı Tovuzda məğlub edə bilmirdiniz. Uğursuz seriyanı qırmaq üçün nə etdiniz?

- Əvvəl uduzduğumuz oyunlara baxsaq, pis oynamamışdıq. Bütün hallarda minimal hesabla məğlub olmuşduq. Baş məşqçimiz də oyundan əvvəl “Sabah”ı Tovuzda uda bilmədiyimizi diqqətimizə çatdırmışdı. Rəqibi çox yaxşı təhlil etmişdik. Üstün tərəflərini müəyyənləşdirib, lazım olan tədbirləri görmüşdük. Sanki müharibəyə çıxmışdıq, hamı meydanda canını qoydu. Qələbəni baş məşqçinin verdiyi tapşırıqları düzgün yerinə yetirdiyimizə görə qazandığımızı düşünürəm.

- 2 top fərqi ilə qələbə qazansanız da, iki futbolçu sıradan çıxdı.

- Təəssüf ki, belədir. Rojerik Miller zədə, Alexandro Serrano cəza səbəbindən “Qəbələ”yə qarşı oynaya bilməyəcək. Onsuz da zədəlilərin sayı çox idi, Miller də sıradan çıxdı. Əminəm ki, onları əvəz edəcək futbolçular komandaya lazım olan faydanı verəcəklər.

- Xalların sayını 39-a çatdırdınız. “Turan Tovuz”un gücü avrokuboklara vəsiqə qazanmağa imkan verir?

- “Qarabağ”ı çıxmaq şərti ilə digər komandalar eyni səviyyədədir. Bunu nəticələr və turnir cədvəlindəki vəziyyət göstərir. Bəzi oyunlarda lazımsız xallar itirmişik. İtirilən 4-5 xal olmasaydı, indi üst pillələrdə qərarlaşmışdıq. Komandada hədsiz inam və istək var. Avrokuboklara vəsiqə qazanmaq xoş olardı. Ancaq bir şey də var ki, sırf bu istəklə yatıb-durmuruq. Hər növbəti oyunu düşünürük, həmin matça hazırlaşırıq. 7 tur qalıb, sonda nə olacağını zaman göstərəcək.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti