COP29

Samir Abasov: "Ona dedim ki, hazırlaş, bundan beşbetər olacaq"

19 Aprel 20:00 Müsahibə 1 597
Samir Abasov: "Ona dedim ki, hazırlaş, bundan beşbetər olacaq"

"Sumqayıt" Premyer Liqanın 31-ci turunda "Turan Tovuz"u 4:1 məğlub edib.

"Kimyaçılar"ın baş məşqçisi Samir Abasov sualları cavablayıb.

O, ilk olaraq oyun barədə fikirlərini bildirib.

- Azarkeşlərimizi təbrik edirəm. Bacardıqları qədər uzun məsafə qət edib gəlmişdilər. Bura gəlməyib, evində həyəcanla bizi izləyənlərin, ürəyi partlayanların hər birinə çox sağ ol deyirəm. Qələbədə onların payı var. Futbolçularımı təbrik edirəm. Oyundan əvvəlki ajotaj bizi yolumuzdan, oyunumuzdan çıxara bilərdi. Bir yerdə buna adekvat cavab verə bildik. Rəqibə uğurlar arzu edirəm. Bəlli oyun üslubları var. Tovuzda onlara müqavimət göstərmək həddindən artıq çətindir. Biz buna hazır idik və yaxşı bacardıq. Bir də məndən soruşsanız ki, qələbəni kimə həsr edirsiniz? Deyərdim ki, hər zaman yanımızda olan, dostumuz olan komandanın sürücüsünə həsr edirəm. Ağır əməliyyat keçirib. Bəlkə də oyuna baxırdı. Bu da ona bir sevinc payı olsun. Allah şəfa versin.

- Əsas rəqib üzərində qələbə avrokuboklar yolunda nə dərəcədə həlledici rol oynayacaq?

- Turnir cədvəli çox sıxdır. Bir qələbə bizi yuxarılara aparmır. Təbii ki, ayaqda saxlayır. Digər oyunlara motivasiya olmaq baxımından çox önəmlidir. Məsələn, bu gün məğlub olsaq, gələn oyunlar nələr olacağını bilmirəm. Bizi bu yerlərdə görmək digər klublara xoş deyil. Başımızı başlara qoşaraq, rəqiblərin planlarını alt-üst etmişik. Ona görə də hər oyun vacibdir. Digər komandaların təzyiqi var. Öz yolumuzla davam edəcəyik. Amma məqsəd avrokuboklara getmək deyil. Əgər bacarsaq, deməli, düzgün iş qurmuşuq.

- Kamran Əliyevin əsas heyətdə olmaması nə ilə bağlıdır?

- Biz qışdan sonra fərqli oyun sisteminə keçdik. Ona görə də Cordanı gətirdik. Onda düşüş hiss etmirəm. Məşqlərdə məni çox razı salır. Komandaya sonradan etdiyi köməyə görə onu çox istəyirəm. Sadəcə oyunlar tələb edir ki, ya sonradan oyuna qoşulsun, ya da ehtiyatda qalsın.

- Bu gün sadəcə "Turan Tovuz"a qalib gəldiniz, yoxsa...

- Bura gələndə də bilirdim ki, belə suallar veriləcək. Yazılar deyəndə medianın xətrinə dəyə bilər. Mən mətbuatı nəzərdə tutmuram. Amma oyundan əvvəl olanlara izahım yoxdur. Başqa ölkələrdə işləmədiyim üçün orada oyunlardan əvvəl baş verən prosesləri bilmirəm. Sadəcə özüm fikirləşirəm ki, yaşananlar məşqçiləri, futbolçuları, hətta klubları bir-birinə düşmən edir. Sonra da qınayırıq. Bəs hardan zəmin yaranır? Məhz bu cür insanlar yaradır. Bu gün "Sumqayıt" əleyhinə olmayan şeyləri gündəmə gətirənlər bəlkə də "Turan"ın ziyanına işlədi. Əgər bundan sonra hər dəfə belə olanda biz udacağıqsa, sənə qurban, gündə yazsınlar. Amma elə şeylər yoxdur. Özünüzü kiməsə yaxşı etmək istəyirsizsə, bu, yol deyil. Hətta loru dildə buna - bu, nə yaşayışdır deyərlər. Belə yol olmaz. Bəlkə də futbolda var, amma mən bunu qəbul etmirəm. "Turan"a bir daha uğurlar arzu edirəm. Çox yaxşı işlər görürlər. İstər Ayxan müəllimin gördüyü işləri, istərsə də rəhbərliyin addımlarını bəyənirəm. Rəqib olmağımıza baxmayaraq, vallah mənə xoşdur. Uğurlar arzu edirəm.

- Rəqib azarkeşlər 4-cü qoldan sonra sizi alqışladı...

- Yox, məni deyil, "Sumqayıt"ı alqışladı. Bunun özü bu zonanın futbola nə qədər bağlı olmasına işarədir. Yaxşı futbolu alqışladılar. Əsla "Turan"a qarşı olmaq deyildi. Hər oyun tribunaları doldururlar. Növbəti oyunlardan "Turan"ı alqışlayaralar.

- Son oyunlardan sonra oyundan çox, kənar söhbətlər barədə daha çox danışmalı olursunuz. Sizcə, bu qələbə ilə hər şeyin bitəcəyinə ümid etmək olar?

- Çox istərdim son qoyulsun. Çünki bizim danışdığımız futbol söhbəti deyil. Məsələn, az əvvəl Kamranı soruşdunuz mən də niyə az oynamasına aydınlıq gətirdim. Oyunun gedişində də azarkeşlər kimisə meydana buraxmağı tələb edir. Amma sizin vasitənizlə belə izah edəndə mənə də xoş olur. Lakin neçə oyundu futboldan kənara çıxırıq. Məndən də qat-qat yaxşı cavablarını verən jurnalistlər oldu. Mənim nəsə deməyimə ehtiyac qalmadı. Kimsə Samirin, "Sumqayıt"ın tərəfində deyil. Məsələ düzgün olanı deməkdir. İnanıram ki, hər kəs lazım olan cavabını aldı.

- "Sabah", "Neftçi" kimi komandalardan fərqli olaraq "Sumqayıt"a hazırkı məqamda psixoloji hazırlıq çox vacibdir. Komandanı "yanmaq"dan necə qoruyursuz?

- Çox əla. Əlanı da düz başa düşmək lazımdır. Sabah azarkeşlər istədiyi yeri tutmasaq adamın üzünə vuracaqlar. Getmək istədiyimiz yolda çox möhtəşəm uşaqlar bizimlədir. Fikirləri ancaq futboldur. Bir günün işi deyil. Addım-addım bura gəlmişik. Ən vacibi odur ki, futbolçular inkişaf etmək istəyirlər. Səbuhi Abdullazdə göz qabağındadır. Başqa yerliləri də saya bilərəm. Bu, mənim üçün xoşdur. Hazırkı tempi saxlamaq lazımdır. Udduqca çətin deyil. Özlərini digər oyunlara yaxşı hazırlayırlar. Məğlub olanda bizə ağır olur. Onun üzərində işləyirik.

- Səbuhi qolu çox soyuqqanlı şəkildə vurdu. Qol olmasa, ötürmə etmədiyi üçün ona əsəbləşəcəkdiz?

- Mənim baş məşqçi kimi xəstəliyimdir. Digər klublarda da dayaq yarımmüdafiəçilərinin üzərində işlədiyim qədər digər mövqelərlə işləmirəm. Onlardan çox şey tələb edirəm. Düşünürəm ki, tempi salan-qaldıran, bütün yük onların üzərindədir. Səbuhi çox inkişaf edib. Bundan sonra da çox inkişaf etməlidir. Yolun yarısındadır. Onun qədər mən tərəfdən söyülən futbolçu yoxdur. Hətta oyundan sonra dedim ki, deməli, səni söymək lazımdır ki, qol vurasan. Gələn oyuna hazırlaş, bundan beşbetər olacaq (gülür). Epizoda qalanda, fikirləşirəm ki, ötürmə etmək daha çətin idi. Əksinə, ondan istəyimiz odur ki, niyə zərbələr etmirsən? İnanıram ki, vurduğu qol gələcək oyunlarda ona fayda verəcək.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti