İstedadlı gənc Qarabağ qazilərinin klubunda özünü necə hiss edir?

18 Aprel 13:40 Müsahibə 614
İstedadlı gənc Qarabağ qazilərinin klubunda özünü necə hiss edir?

Birinci Liqada mövsümün ikinci yarısına uğurla start verən komandalardan biri də "Difai"dir.

Qazilərin komandası bu il keçirdiyi bütün oyunlarda yaxşı mübarizəsi ilə seçilib.

Qarabağ müharibəsi iştirakçılarının yaratdığı kollektiv məğlub olduğu matçlarda belə, oyunu ilə rəqibindən geri qalmayıb.

Aşağı liqa təmsilçisinin yüksəlişində qışda heyətə cəlb edilən Bayraməli Qurbanovun da öz qatqısı var.

"Araz Naxçıvan"dan icarəyə götürülən vinger forvard qısa müddətdə vurduğu qollarla "Difai"nin liderlərindən birinə çevrilməyi bacardı.

21-ci turda "Araz Saatlı" üzərindəki darmadağınla (4:0) qazanılan qələbədən sonra 21 yaşlı hücumçu Sportinfo.az-a müsahibəsində buraya gəlişi, "Difai"nin bu günü və sabahı barədə danışıb.

- Autsayderlərin qarşılaşmasında qələbəni darmadağınla əldə etdiniz. Belə sonluq gözləyirdin?

- Komandalar güclərinə baxası olsaq, məncə, gözlənilən hesab idi. Düzdü, ilk dəqiqələrdə çətinlik çəkdik. Bu da daha çox stadionla bağlı idi. Meydançaya uyğunlaşdıqdan sonra hər şey bizim lehimizə dəyişdi.

- Dublla yadda qaldın. Özünü qarşılaşmanın qəhrəmanı hesab edirsən?

- Qəti, mən belə deməzdim. Qələbəni komanda olaraq qazandıq. Oyunun bir qəhrəmanı var, o da bizim komandadır.

- Bu qələbə ilə liqada qalmaq vəzifəsinin öhdəsindən böyük ölçüdə gəldiyinizi demək olar. Bundan sonra nisbətən rahat olmaq olar, yoxsa məqsəd daha üst pillələrə qalxmaqdır?

- Təbii ki, komandada hər kəs yuxarı pillələr uğurunda mübarizə aparır. Qətiyyən rahat olmaq olmaz. Hər oyuna son oyun kimi çıxıb 3 xal üçün mübarizə aparacağıq.

- Mövsümün birinci yarısını "Araz Naxçıvan"da keçirdin. Premyer Liqanı Birinci Liqa klubuna dəyişmək çətin qərar olmadı?

- Hər bir futbolçu kimi mən də Premyer Liqada qalmaq istəyirdim. Müqaviləmi artırıb, “Difai”yə icarəyə gəldim. Hazırda tək məqsədim indiki komandama kömək etməkdir. Gələcəkdə yüksək liqaya qayıtmaq üçün əlimdən gələni edəcəm.

- "Difai"də işlərin necə gedir?

- Hər şey qaydasındadır. Burada çox mehriban ailə ortamı var. İlk gələndə gec uyğunlaşacağımız düşünürdüm. Klubda hər kəsə təşəkkür edirəm. Məhz onların sayəsində adaptasiyanı tez arxada qoydum. Məni çox gözəl qarşıladılar.

- "Difai"nin adının həm də Azərbaycan tarixində xüsusi yeri var. Bu komanda həm də "qazilər" komandası kimi tanınır. Seçimində bunun da rolu oldu?

- Bura gəlməyimi “Araz”dakı baş məşqçim Azər Bağırov məsləhət gördü. Söhbət etdik və uyğun komanda olaraq“Difai”ni göstərdi. Mən də razılaşdım. Təbii ki, bu əsnada komanda haqqında və adının hansı məna ifadə etməsi barədə məlumatım vardı. Bu da qərarımda öz təsirini göstərdi.

- Son oyundakı qələbədən sonra əsgər salamı verdiniz. Bu, o anlama gəlirmi ki, komandada vətənpərvərlik ruhu hər an qorunur?

- Əlbəttə. Azərbaycanın hər klubunda belə də olmalıdır.

- “Difai-“nin növbəti mövsüm hədəfləri böyüsə, burada davam etməyə qərar verəcəksən?

- Açığı, əsas məqsədim Premyer Liqaya qayıtmaqdır. Amma gələcəkdə nələr olacağını demək olmaz. Gözləmək lazımdır.

- “Difai” yeni qurulan kollektivdir. Klub rəhbərliyinin futbolçulara münasibəti necədir?

- Hər şey yaxşı səviyyədə qurulub. Futbolçular rəhbərliyin qayğısını hər addımda hiss edir.

- Komanda aktivindəki 16 xalın 12-ni mövsümün ikinci yarısında qazana bilib. Liderlərlə oyunda da meydanda inamlı "Difai" görürük. Növbəti mövsüm bu komanda çempionluq üçün mübarizə apara bilər?

- Bəli. Niyə də olmasın? Məncə, komandaya bir neçə yeni transfer etməklə, çempionluq uğurunda mübarizə aparmaq olar.

XANOĞLAN İMANOV

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.

Digər Xəbərlər
Xəbər Lenti
30 Aprel 18:10 Çək və bizə göndər!
30 Aprel 17:40 "Neftçi"nin yeni AĞAsı