"Çox şansları qaçırmışam - Belə davam etsək, şansımız olmayacaq"

4 Aprel 19:00 Müsahibə 846
"Çox şansları qaçırmışam - Belə davam etsək, şansımız olmayacaq"

"Araz Naxçıvan"ın forvardı Orxan Əliyev Premyer Liqanın 28-ci turunda "Sumqayıt"a məğlub olduqları (0:1) qarşılaşma haqda Sportinfo.az-a müsahibə verib.

- Oyunu necə şərh edərdin?

- “Sumqayıt” ilk hissə yaxşı oyun göstərdi. Biz də mübarizə aparmağa çalışırdıq, amma görünən odur ki, alınmadı.

- 6 oyundu qələbə qazana bilmirsiz. Sizə mane olan nədir?

- Mübarizə aparırıq. İstəyimiz yerindədir. Qol imkanları yaradırıq. Ancaq alınmayanda, alınmır da. Uduzanda heç nə demək olmur.

- İlk hissə xüsusilə meydanda çox ruhsuz “Araz” vardı...

- Razılaşıram. Rəqib buna imkan vermirdi. İkinci yarıda nəsə etməyə çalışdıq, lakin olmadı.

- Avrokuboklar şansını itirməyinizlə barışmısız?

- Belə davam etsək, şansımız olmayacaq. Bir yerə toplanmalı, özümüzə gəlməliyik.

- Penal epizodu çox müzakirə olunur. Qərara münasibətin necədir?

- Təkrarına baxmamışam. Nə deyim, vallah!

- Hazırda düşdüyünüz “qara zolaq”da hakimlərin rolu nə qədərdi?

- Hər şeyi də onların üstünə atmaq düzgün deyil. Ola bilsin, səhvlər edirlər. Onlar da insandı. Səhv edə bilərlər. İlk növbədə günahı özümüzdə axtarmalıyıq ki, niyə uduzuruq?

- Mövsüm sona yaxşınlaşır. Karyeranla bağlı qərar vermisən?

- Hazırda bu barədə nəsə demək istəmirəm. Zamanla hər şeyi biləcəksiniz.

- Başqa təkliflərin var?

- Bəli, var.

- Yerli klublardı?

- Həm yerli, həm də əcnəbi klubdan təklif almışam.

- Arxada qalan 28 tura baxış keçirsək, öz çıxışını necə qiymətləndirirsən?

- Daha çoxunu edə bilərdim. Tam razı olduğumu deməzdim. Əlimə düşən çox şansları qaçırmışam.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti