"Mən o səviyyədə adam deyiləm ki, AFFA rəhbərinə nəsə deyəm" - MÜSAHİBƏ

13 Aprel 09:50 Müsahibə 2 164
"Mən o səviyyədə adam deyiləm ki, AFFA rəhbərinə nəsə deyəm" - MÜSAHİBƏ

"Qəbələ" Premyer Liqanın 30-cu turunda "Turan Tovuz"u qəbul edəcək.

Bölgə klubu qarşılaşmaya Bakı Olimpiya Stadionun (BOS) ehtiyat meydançasında hazırlaşıb.

"Qırmızı qaralar"ın BOS-dakı son məşqini izləyənlər arasında bəndəniz də vardı.

Məşq başa çatandan sonra gürcüstanlı baş məşqçi Kaxaber Tsxadadze ilə üz-üzə gəlincə, hal-əhval tutub bəzi suallarıma cavab almaq qərarına gəldim.

İstəyimizə etiraz etmədiyi üçün gürcüstanlı mütəxəssisə öncədən təşəkkür edirəm.

- Yəqin ki, indiki halda sizin üçünən ağırı “işləriniz necədir” sualını eşitmək olar...

- Bəli, çox hadisələr baş verdi (gülür). Problemlər çoxdur və onu həll etmək lazımdır.

- Bugünkü “Qəbələ”nin dərdi nədir?

- "Qarabağ"la oyunda azlıqda qaldıq. Eyni şey "Səbail"lə 2:0 öndə olduğumuz oyunda da yaşandı. Müdafiə xəttində çoxlu səhvlərimiz var. "Zirə" ilə oyunda yenə eyni səhvləri gördük. Nəticədə də 4 qol buraxdıq. Bura yüksək liqadır. Rəqiblər belə səhvləri bağışlamır. Çalışırıq ki, problemləri yoluna qoyaq.

- Oxşar problemlər xələfiniz Elmar Baxşıyevin dönəmində də vardı. Yəqin ki, bura gəlməmişdən öncə komandanın oyunlarını izləyərkən həmin problemləri görüb bura gəlmişdiniz. Nəyə inanmışdınız?

- Bəli, eyni səhvlər hələ də davam edir. Özümə inanıb gəlmişdim. “Qəbələ”yə kömək etmək istəyirdim. Birlikdə bacaracağımıza inanırdım. Təəssüf ki, arxada qalan müddətdə bunu bacara bilmədik.

- Peşman deyilsiz?

- Əsla. Futbolda belə hallar olur. Normal qarşılamaq lazımdır. Həyat davam edir.

- Görünən odur ki, “Qəbələ”ni Birinci Liqadan həftələr ayırır. Bəs özünüz necə, aşağı liqada da klubun yanında olmağa hazırsınız?

- Buna rəhbərlik qərar verməlidir. Aramızda yaxşı münasibətlər var. Gələndə düşünürdü ki, Premyer Liqada qalacağıq. Amma görünən odur ki, buna doğru getmirik.

- AFFA-nın yeni rəhbərliyinin klubu Premyer Liqada saxlayacağına ümidiniz böyükdür?

- AFFA-ya yeni rəhbərlik gəlib. Ümid edək ki, veriləcək qərar "Qəbələ"nin köməyinə çatacaq və komanda aşağı liqaya getməkdən qurtulacaq. Yeni rəhbərliyin komanda sayını artırması yaxşı addım olardı.

- Bu fikirlərinizi uzun müddət Azərbaycanda işləmiş bir əcnəbi mütəxəssisin AFFA rəhbərinə müraciəti kimi qəbul edə bilərik?

- Xeyr. Bu, mənim şəxsi fikirlərimdir. Son qərar rəhbər şəxslərin olacaq. Mənim belə bir haqqım yoxdur. Sizin öz fikriniz, mənim öz fikrim var. Sadəcə öz düşüncələrimdir. Mən o səviyyədə adam deyiləm ki, kiməsə nəsə deyəm. Verilən suala görə öz fikirlərimi bildirirəm.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU