Kamran Ağayevdən sonra Azərbaycanda elə qapıçı yetişəcək ki...

11 Yanvar 19:00 Müsahibə 1 628
Kamran Ağayevdən sonra Azərbaycanda elə  qapıçı yetişəcək ki...

Hazırda ölkə futbolunun problemli mövqelərindən biri də qapıçıdır.

Kamran Ağayevin karyerasını bitirməsindən sonra yaxşı yerli qapıçı tapamaq müşkül məsələyə çevrilib.

"Qarabağ" və Azərbaycan millisi qalıb Şahruddin Məhəmmədəliyevin ümidinə.

Onun da performansın hər kəsə məlumdur.

"Zirə"nin U-19 komandasının qapıçı məşqçisi Ülvi Xəlilzadə ilə söhbətdə bu və digər məsələlərə toxunduq.

- Öncə özündən başlayaq. Necə oldu ki, qapıçı məşqçisi olmağa qərar verdin?

- Mən özüm 7 yaşımda futbolla məşğul olmağa başlamışam. Premyer Liqanın bir sıra komandalarının akademiyasında oynamışam.

- Bəs erkən vidalaşmağına nə səbəb oldu?

- 2017 ci ildə aldığım zədədən sonra futbolla vidalaşmalı oldum. Açığı, özümü hər zaman qapıçı məşqçiliyində görürdüm. Və karyeramı belə erkən bitirincə məşqçiliyə başlamağa qərar verdim. Ən azı bu şəkildə futbolun içində qalmaq istədim.

- Məşqçilikdə əsas dəstəyi kimlərdən alırsan?

- “Qarabağ”ın akademiyasında qapıçı məşqçisi işləmiş Ramiz Kərimovun, hazırda “Turan Tovuz”da çalışan Kamil Qafarovun üzərimdə böyük əziyyəti var. Hər zaman ünsiyyətdə oluram, təcrübələrindən yararlanıram.

- Qapıçı olmaq çətindir, yoxsa qapıçı məşqçisi?

- Hər birinin öz çətinlikləri var. Amma düşünürəm ki, məşqçi olmaq daha çətindir. Çünki daha məsuliyyətli olmalısan. Bir nəfərə yox, bir neçə şəxsə cavabdeh olursan.

- Səncə, bu çətinliklərin öhdəsindən gələ bilirsənmi?

- Yeni başlayanda daha çətin idi. İndi yavaş –yavaş alışıram.

- Futbol ictimaiyyəti hazırkı yerli qapıçıların durumundan heç də razı deyil. Sanki yaxşı qapıçılarımızın sayı getdikcə azalır. Razısan narazılıqla?

- Bu fikirlərlə qismən razıyam. Hər kəsi başa düşürəm. Gözləntilər böyükdür. Məncə, Premyer Liqa klublarında gələcəkdə yaxşı qapıçı olacağına ümid verən bir neçə qapıçı var. Düşünürəm ki, onlar əsas heyətdə daha çox zaman almalıdır. Belə olacağı halda ölkə futbolu həmin qapıçıları qazancaq.

- Kimlərin adını çəkə bilərsiz?

- Məncə, ad çəkməyim doğru olmazdı. Lakin istedadlı qapıçılar olduğuna əmin olun.

- Məsələn,Kamran Ağayevdən sonra onu əvəz edə biləcək yaxşı yerli qapıçı adı çəkmək çətindir. Problemin kökü hardadır?

- Açığı, problem çoxdur. Bu yaxınlarda Türkiyənin “Başakşehir” klubunda oldum. Orada gördüyüm infrastrukturla bizim klublardakın müqayisə etmək belə olmaz. Onlarda qapıçıların inkişafı üçün müasir şərait var. Məşqlərin və oyunların video analizləri olur. Məşq prosesində ən müasir texniki avadanlıqlardan istifadə olunur. Amma istənilən halda problemlərdən çox danışmaq istəmirəm. Bütün çətinliklərə baxmayaq yaxın gələcəkdə yaxşı qapıçılarımızın yetişəcəyinə inanıram.

- Həqiqətən, infrastruktur Azərbaycan futbolunda ciddi problemdi. Görünür, yaxın zamanda ideal ortam qurmaq asan olmayacaq. Maraqlıdır, belədə qapıçıları təcrübə üçün tez-tez qardaşa ölkəyə göndərmək faydalı ola bilər?

- Bəli, qısa müddətdə böyük dəyişiklər etmək çətindir. Biz öz işimizi görməyə davam etməliyik. Qapıçılarımızın inkişafı üçün nəinki qardaş ölkəyə, bir neçə güclü qapıçı məktəb olan digər ölkələrdə də təcrübə keçməsi yaxşı olardı.

- İnfrastruktur problemi əvvəlki dövrlərdə də olub. Bəlkə, son dönəmlər həm də istedadlı uşaqlarımızın sayı azalıb?

- Razıyam, bu amil də var. İstedadlı uşaqlar barmaqla sayılacaq qədərdi. AFFA-nın keçirdiyi liqalarda hər yaşda 2-3 istedadlı qapıçı olduğunu görmək olar. Bu isə çox az göstəricidir.

- Türkiyədə təcrübə keçdiyinizi dediniz. Orada qapıçılarla bağlı durum necədir?

- 10 gün “Başakşehir” klubunda oldum. Əvəzedici komanda yoxdur. U-19 komandasından birbaşa əsas komandaya dəvət olunursan. 2-3 gənc qapıçı eyni anda əsas komandada məşqlərə qoşulur. Mən əsas kamandanın qapıçı məşqçisi ilə söhbətdə başa düşdüm ki, onlarda əsas prinsip başqa komandadan qapıçı götürmək yox, öz yetirmələrinə güvənməkdən ibarətdir.

XANOĞLAN İMANOV

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.

Digər Xəbərlər
Xəbər Lenti
27 Aprel 16:10 Çək və bizə göndər!