İlham Əliyev Ermənistana açdığı qapını qapada da bilər

5 May 09:00 Gündəm 654
İlham Əliyev Ermənistana açdığı qapını qapada da bilər

Ermənistan hələ də müharibə əhval-ruhiyyəsindən çıxa bilməyib. Bu düşmən ölkənin siyasi dairələri və cəmiyyəti son altı ayda münaribə şəraitində yaşamaqda davam edir.

Və belə anlaşılır ki, Ermənistan hələ uzun müddət 44 günlük savaşda üzləşdiyi biabırçı məğlubiyyətin təsirindən xilas ola bilməyəcək.

İndi Ermənistanda ölkənin gələcək inkişafı barədə deyil, məhz yalanlarla zəngin qaranlıq keçmişi ilə məşğuldurlar. Ermənilər hazırda öz gələcəklərini uydurduqları keçmişdə axtarırlar.

Çünki onların gələcək barədə düşünə biləcək beyin mərkəzləri yoxdur. Və bu səbəbdən də himayədarlarının siyasi istismar alətinə çevrilmiş qaranlıq keçmişlərinə sığınmaq məcburiyyətindədirlər.

Ancaq Azərbaycan həmişə olduğu kimi, indi də tamamilə fərqli yol tutub. Rəsmi Bakı Ermənistanı öz biabırçı məğlubiyyəti ilə baş-başa buraxıb, Azərbaycanın gələcək inkişaf perspektivlərini planlaşdırmaq ilə məşğuldur. Bu istiqamətdə rəsmi Bakının konkret proqram və strategiyası da var.

16142468232193652087_1000x669.jpg (27 KB)

Prezident İlham Əliyevin BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının 77-ci sessiyasındakı çıxışı bu baxımdan, bir çox önəmli hədəflər barədə məlumat almaq imkanı yaradır. Eyni zamanda Prezident İlham Əliyev öz çıxışında Azərbaycanın son 30 ildə məruz qaldığı ədalətsizliyi də dünya ictimaiyyətinin diqqətinə çatdırmış oldu.

Azərbaycan Prezidenti Ermənistanın hərbi təxribatlarının rəsmi Bakını qətiyyətli addımlar atmaq məcburiyyətində qoyduğunu bəyan etməklə, erməni yalanlarına növbəti sarsıdıcı zərbəni vurmuş oldu: “Sentyabrın 27-də Ermənistan tərəfi Silahlı Qüvvələrimizi və dinc sakinlərimizi ağır artilleriya atəşinə tutaraq, Azərbaycana qarşı irimiqyaslı hərbi təcavüzə başlamışdı. Azərbaycan öz vətəndaşlarını qorumaq üçün əks-hücum əməliyyatına başlamaq məcburiyyətində qaldı”.

Maraqlıdır ki, “Azərbaycan xalqı tarixi ədaləti özü bərpa etdi” deyən Prezident İlham Əliyev üstüörtülü şəkildə BMT-nin ünvanına iradlarını da çatdırdı: “Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının qətnamələrini və beynəlxalq hüququn norma və prinsiplərini icra etmiş, tarixi ədaləti və ərazi bütövlüyünü bərpa etmişdir”.

Halbuki beynəlxalq ədalətin təmin olunması BMT-nin əsas funksiyaları sırasına daxildir. Ancaq Ermənistan kimi kiçik ölkə son 30 ildə BMT-yə və onun prinsiplərinə hörmətsiz yanaşırdı. Bununla da BMT-nin beynəlxalq nüfuzuna sarsıdıcı zərbə vururdu. Və bu baxımdın, Azərbaycan dövləti 44 günlük savaşda qalib gəlməklə, həm də BMT-nin beynəlxalq nüfuzunu erməni təcavüzündən xilas etmiş oldu.

5f724bbd0f25441b44de9b57.jpg (89 KB)

Təbii ki, rəsmi Bakı Ermənistanın BMT qətnamələrinə hörmətsiz yanaşmasının əsas səbəblərini tam dəqiqliyi ilə bilməmiş deyil. Ona görə də, Prezident İ.Əliyev bəzi ölkələrə qarşı tətbiq olunan “ikili standartlar” siyasətinin dünyada dayanaqlı inkişafa ciddi təhdidlər yaratdığını və bunun qarşısının alınmasının vacibliyini xüsusi olaraq, qeyd edib: “Azərbaycan ikili standartlara yol verilməməsi üçün tərəfdaş ölkələri BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmlərinin təklif edilməsi və hazırlanması səylərinə qoşulmağa dəvət edir. BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələrinin bir neçə gün ərzində icra edildiyinin dəfələrlə şahidi olmuşuq. Azərbaycana gəldikdə isə həmin qətnamələr 27 il ərzində yerinə yetirilməmiş qaldı”.

Eyni zamanda, Azərbaycan liderinin son savaşın əsl səbəblərini, tarixi əhəmiyyətini, erməni terrorizminin real mahiyyətini açıqlaması növbəti mərhələdə rəsmi İrəvanın “yalanların həqiqət kimi təqdim edilmə taktikası”nı iflasa uğrada bilər. “Ötən il Azərbaycan ərazisinin 20 faizinin 30 ilə yaxın Ermənistan tərəfindən işğalına son qoymuşdur” deyən Azərbaycan Prezidenti bu işğal nəticəsində bir milyondan çox azərbaycanlının doğma torpaqlarından didərgin salındığını da xatırladıb.

Eyni zamanda, dövlət başçısı Ermənistanın 1992-ci ildə Xocalı soyqırımını törədərək, qadınlar və uşaqlar da daxil olmaqla, 613 nəfər günahsız dinc sakini qətlə yetirdiyini də vurğulayıb: “Xocalı soyqırımı 13 ölkə tərəfindən tanınmışdır”.

Xüsusilə də, Bayden administrasiyasının ermənilərə qondarma “genosid hədiyyəsi”nə tutarlı cavab verilməsi baxımından, Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması böyük əhəmiyyət daşıyır. Böyük ehtimalla rəsmi Bakı bundan sonra Xocalı soyqırımı ilə bağlı reallıqları beynəlxalq səviyyədə daha intensiv şəkildə gündəmə gətirə biləcəyi qətiyyən istisna deyil. Və bu, ermənilərin əsassız iddialarının iflasa uğradılması, gündəmdən tamamilə çıxarılıb, önəmini itirməsi baxımından, həlledici rol oynaya bilər.

zengezur_161019.jpg (107 KB)

Digər tərəfdən, Azərbaycan liderinin çıxışında Ermənistanın 44 günlük savaşda tamamilə darmadağın olunaraq, noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur edilməsindən sonra rəsmi Bakının gələcəyə yönəlik prioritet hədəfləri də açıq mətnlə diqqətə çatdırılıb. Rəsmi Bakı artıq savaş mərhələsindən çıxdığını və ölkənin dayanaqlı inkişafını təmin etmək istiqamətində konkret planlarının olduğunu da qətiyyən gizlətmir.

Azərbaycan Prezidenti növbəti on il üçün sosial-iqtisadi inkişafla bağlı müəyyən olunmuş milli prioritetlərə rəqabətli insan kapitalının və müasir innovasiyalar məkanının, işğaldan azad olunmuş ərazilərə böyük qayıdışın, təmiz ətraf mühitin və “yaşıl artım”ın da daxil olduğunu bəyan edib. Bütün bunlar yalnız dinc inkişaf və sosial-iqtisadi yüksəliş hədəfləri olmaqla yanaşı, həm də müasir dünya üçün önəmli örnəkdir. Çünki dünyanın bir çox ölkələri hazırda belə hədəflər haqqında düşünmək imkanında deyillər.

Təbii ki, dövlət başçısı əsas prioritetləri açıqlayarkən, Azərbaycanın dünya səviyyəsində artan əhəmiyyətini də xüsusi olaraq, vurğulamağı unutmayıb. Azərbaycanın regionda dayanıqlı sülh və təhlükəsizliyi təmin etmək hədəfinin olduğunu xatırladıb: “Azərbaycan Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrinin icrasına mühüm töhfə vermişdir”.

Ancaq rəsmi Bakı bütün bunlarla kifayətlənmək niyyətində deyil. Əksinə, dünyaya yeni iqtisadi inteqrasiya və inkişaf modelləri təklif edir. Və Prezident İ.Əliyevin “Zəngəzur dəhlizi” ilə bağlı hədəfləri bu baxımdan, dünya ölkələrinin diqqətini çəkə biləcək mahiyyət daşıyır: “Hazırda biz Azərbaycan ərazisindən Asiyanı Avropa ilə birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq “Zəngəzur nəqliyyat dəhlizi” üzərində çalışırıq. Bu dəhliz Azərbaycana Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirməyə imkan verəcək”.

Maraqlıdır ki, rəsmi Bakı regionun gələcək inkişaf perspektivlərini təmin etmək üçün müasir layihələrin icra olunmasını və irimiqyaslı yenidənqurma işlərinin aparılmasını planlaşdırır. Azərbaycan Prezidenti bu barədə rəsmi Bakının əsas konsepsiyalarını dünya ictimaiyyətinin diqqətinə çatdırıb: “Hazırda qarşımızda işğaldan azad olunmuş ərazilərdə tamamilə dağıdılmış şəhər və kəndlərin, bütün mədəni və dini abidələrin bərpası kimi nəhəng vəzifə dayanır. Yenidənqurma prosesi çərçivəsində “ağıllı şəhər”, “ağıllı kənd” və “yaşıl enerji” konsepsiyalarından istifadə olunacaq”.

spt-pasa417279732.jpg (81 KB)

Göründüyü kimi, rəsmi Bakının Ermənistanın siyasi avantüralarına baş qoşub, zaman itirmək niyyəti yoxdur. Azərbaycanın gələcək inkişaf perspektivlərinin təmin edilməsi məqsədilə regional yüksəlişin avanqardına çevrilmək niyyətindədir. Və bununla da, Cənubi Qafqazda mütləq siyasi iradə sahibi olduğunu qabarıq şəkildə sezdirməyə çalışır.

Belə anlaşılır ki, Ermənistan hələ uzun müddət 44 günlük savaşda biabırçı məğlubiyyətin təsirindən çıxa bilməyəcək. Ona görə də, Bayden administrasiyasının “genosid hədiyyəsi” ilə özünə təskinlik vermək məcburiyyətində qalacaq. Rəsmi İrəvan bu davaranışlarından imtina edib, dinc qonşuluq qərarı verməyənə qədər isə Ermənistan ümumi blokadada qalmaqda davam edəcək. Nəticədə Ermənistan yenə də regional inkişaf prosesindən kənarda qalmış olacaq.

Azərbaycan isə gələcəyə yönəlik planlar qurmaqdadır. Prezident İ.Əliyevin dünya ictimaiyyətinə təqdim etdiyi prioritet hədəflər rəsmi Bakının sadəcə, dinc inkişaf mərhələsində maraqlı olduğunu göstərir. Eyni zamanda, Azərbaycana yaxın illərdə tamamilə fərqli yüksəliş səviyyəsi vəd edir.

Bu baxımdan, rəsmi Bakı üçün Ermənistanın atdığı və ya atmağa cəhd edəcəyi addımlar o qədər də təhlükəli deyil. Rəsmi İrəvanın siyasi avantüraları sadəcə, yalnız Ermənistanı fəlakətə və səfalətə sürükləməyə yetərli ola bilər. Ona görə də, bütün bunlar haqqında daha çox Ermənistan tərəfinin düşünməsi vacibdir.

Əks halda, Prezidenti İlham Əliyevin dünya ictimaiyyətinin diqqətinə çatdırdığı prioritet hədəflərin inkişaf etdirəcəyi Azərbaycana Ermənistan yalnız “qaranlıq keçmiş”dən boylanmaq məcburiyyətində qala bilər. Onda isə Ermənistan üçün çox gec olacaq. Çünki rəsmi İrəvan indiki davranışlarını davam etdirərsə, Azərbaycan Prezidenti Ermənistana açdığı xilas qapısını tezliklə yenidən qapada da bilər.

Elçin XALİDBƏYLİ

Xəbər Lenti
23 İyun 13:40 Kapitan 1 il də qaldı