Mərhum "Saşa" haqda: "Komanda üçün həyatını verərdi, inanın mənə"

9 Avqust 2020 13:00 Azərbaycan Futbolu 1 469
Mərhum "Saşa" haqda: "Komanda üçün həyatını verərdi, inanın mənə"

“Unuda bilmədiyimiz oyun” rubrikası davam edir.

Rubrika çərçivəsində Azərbaycan milli komandasının, klublarının tarixinə yazılan oyunlarda iştirak edən futbolçular və məşqçilərlə danışırıq.

Sportinfo.az xəbər verir ki, növbəti qonaq Çempionlar Liqasında 2000-ci ildə Latviyanın “Skonto” komandasını məğlub edərək (4:1, ilk oyun 1:2), ilk Azərbaycan klubu kimi bu turnirdə təsnifat mərhələsi adlayan “Şəmkir”in sabiq baş məşqçisi Ağasəlim Mircavadovdur:

- Ağasəlim bəy, “Şəmkir”in baş məşqçisi olduğunuz zaman Latviya “Skonto”sunu məğlub etdiyiniz oyunla bağlı yadınızda nələr qalıb?

- Deməli, elə də yaxşı hazırlığa imkan yox idi. Bakıda hazırlaşırdıq – Buzovnada Gənclik sanatoriyası var idi. Toplanışda idik, məşq də edirdik. Açığı, həmin vaxtda ot örtüyünün keyfiyyəti çox aşağı idi. Bunlara baxmayaraq, planımız üzrə yaxşı hazırlaşdıq. Pis tərəfi o idi ki, biz yoxlama görüşləri keçirə bilmirdik, həmin vaxt kimləsə oynamaq mümkün deyildi. Biz avrokuboklara hazırlaşırdıq deyə, tez başlamışdıq və deyərdim ki, digər klublar hazırlaşmırdı. Amma bütün bunlara baxmayaraq, uşaqlardan çox razı qalmışdım.

- İlk oyunda səfərdə 1:2 hesabıyla uduzmuşduz. Bakıda turu keçəcəyinizə inanırdız?

- “Skonto”nun baş məşqçisini yaxşı tanıyırdım, ağıllı məşqçi idi. Latviyaya getmişdik, o vaxt klubun prezidenti Şahbaz Süleymanov idi, Allah ona qəni-qəni rəhmət eləsin. Orada tanışları var idi, bizi yaxşı qarşıladılar, yüksək səviyyədə şərait yaratdılar. Qaldığımız mehmanxana parkın yanında idi. Hər səhər parka gedib, məşq edirdik. Oyun başlayanda onlarda elə bir hiss yaranmışdı ki, bizi udacaqlar, çox arxayın idilər. Düşünürdülər ki, bizə gec-tez qol vuracaqlar, qolların sayı artacaq, bizi darmadağın edəcəklər. Amma elə oldu ki, bizim uşaqlar öz oyunlarını göstərməyə başladılar. Onların heyətində gürcü yarımmüdafiəçi var idi, mən başa düşürdüm, qışqırırdı ki, “hərəkət edin, “Şəmkir” o komanda deyil ki, onları asan məğlub edək”. Düzü, çox çaş-baş qalmışdılar, oyun 1:1 hesabıyla bitməliydi, çox yaxşı oynamışdıq həmin oyunda. Sona az qalmış iki hücumçu meydana buraxdılar, uzun toplarla oynamaq istəyirdilər. Bizdə də hündürboy oyunçu demək olar yox idi. Ehtiyatda Arif Məmmədov var idi, mingəçevirli uşaq, onun uzun boyu var idi. Onu meydana buraxdım və tapşırıq verdim ki, ehtiyatlı ol. Doğrudan da, 2-3 epizodda yaxşı oynamışdı, amma 89-cu dəqiqədə getdi rəqibin üstünə və rəqib bunu keçmək istəyəndə ayağını qoydu. “Skonto”nun bu epizodunda hakim dərhal penalti təyin etdi. Düzdür, uduzmuşduq, amma tam səmimi deyirəm ki, biz o oyunu uduzmalı deyildik. Belə, son dəqiqədə buraxdığımız qolla səfərdən məğlub qayıtdıq.

- Arif Məmmədovun səbəb olduğu penaltidən sonra komanda uduzdu. Oyundan sonra ona nəsə dediz?

- Oyundan sonra paltardəyişmə otağında gördük ki, Arif ağlayır. Komanda yoldaşları da onun yanına gedib, təskinlik verirdi. Mən də Arifin yanına gedib, onu qucaqladım və dedim ki, bu, sadəcə bir oyundur. Biz belə vaxtlarda özümüzü itirməməliyik, özümüzü itirsək, faciə ola bilərdi. Oyundan sonra da avtobusla Moskvaya gəldik.

- Cavab oyununda 4:1 hesabıyla qələbə qazanaraq, tarix yazmağı bacardız. Qələbəni gətirən nə olmuşdu?

- Bakıdakı oyunda hesabı erkən açdıq. Səhv etmirəmsə, 2-ci dəqiqədə Badri Kvaratsxeliya hesabı açdı. Daha sonra “Skonto” hesabı bərabərləşdirməyə nail olmuşdu. Oyunun sonlarında Badri yenə qol vuraraq, bizi daha da ümidləndirmişdi. O vaxt bizim fiziki gücümüz də zəifləmişdi. 30 dərəcə istidə oynamaq asan deyildi, amma futbolçularımız dörddən də çox top vura bilərdilər. Biz həm səfərdə, həm də evdə yaxşı oynamışdıq. Bakıdakı oyundan sonra yadımdadır, onların baş məşqçisi Aleksandr Starkov bunları demişdi: “Biz özümüzə çox arxayın olduq, “Şəmkir” hər iki oyunda yaxşı performans sərgilədi və qələbə layiq idilər. Biz onları saymadıq, buna görə uduzduq”. O vaxt həqiqətən, komandamız çox yaxşı çıxış etdi. Tarixi oyun idi, həm də rayon komandasıyla bunu bacarmışdıq. Nə baza var idi, nə də yaxşı şərait. Amma buna baxmayaraq, istəsək, nələr bacardığımızı göstərmişdik.

- Qələbədən sonra ilk oyundakı məğlubiyyətə səbəb olan Arif hansı hissləri keçirirdi?

- Elə Badri ilk qolu vuranda Arifin yanına qaçıb, onu qucaqlamışdı. Oyundan sonra da paltardəyişmə otağında hamı Ariflə qucaqlaşırdı. Həmin dövrdə komandamız çox mehriban idi. Rəhmətlik Şahbaz müəllim çox gözəl insan idi. O, bizim üçün, komanda üçün həyatını verərdi, inanın mənə, ailəsi də onun kimi idi. Hər şeyə çalışırdı, istəyirdi ki, komandamız uğur qazansın, Azərbaycan adını tanıtdıraq. Həyatdır da, nə bilim. Allah ona rəhmət etsin.

- Azarkeşlərin dəstəyi necə idi?

- Stadionda 25 minə yaxın adam var idi. Həmin dövrdə klublar arasında birlik var idi. Bütün komandaların azarkeşləri bizi dəstəkləməyə gəlmişdi. Belə cəhətlərimizi inkifaş etdirməliyik. Başqa klubların azarkeşləri də avrokubok matçlarında bütün təmsilçilərimizə dəstək olurdular. Onlar üçün fərqi yox idi ki, oynayan “Neftçi”dir, ya bir başqası.

- Oyunla bağlı daha nə kimi xatirələriniz var?

- Hesab 2:1 olanda hakim bizi paltardəyişmə otağına buraxmadı. Meydanın kənarında uşaqlara tapşırıq verirdim, onlara iki kəlmə söz dedim: “Ətrafınıza baxın, bu qədər insan sizin üçün bura toplaşıb, görürsüz camaatı? Bu qədər adam bura toplaşıbsa, siz də udmalısız, buna layiqsiz”. Həqiqətən, uşaqlar son 30 dəqiqəni çox yüksək səviyyədə oynamışdılar. Rəqibi də yormağı bacarmışdıq, qol epizodlarımız da çox idi. Yadıma gəlir, hava da əməlli isti idi. Uşaqlar paltardəyişmə otağından çıxarkən hər kəs futbolçuların yanına qaçır, onları öpüb qucaqlayırdılar. Biz tarix yazmışdıq, uşaqlar bu sevgiyə layiq idi.

- Oyundan sonra mükafatlandırıldız?

- Həmin dövrdə maliyyə vəziyyəti də yaxşı deyildi. Gücləri nəyə çatdısa, onu da etdilər. Elə oyundan sonrakı gün mükafatlandırdılar.

- “Skonto” səddini aşdıqdan sonra Çexiya “Slaviya”sına məğlub olaraq, turnirlə vidalaşmışdız. Praqalıları udmaq üçün nə lazım idi?

- Hə, “Slaviya”… Yenə deyirəm, Avropa klublarını udmaq üçün heç olmasa, 20-22 oyunçun olmalıdır və yaxşı hazırlıq keçməlisən. Bax, bu iki məsələ çox vacibdir. Bizdə bir az oyunçu olsaydı, bəlkə nəsə etmək olardı. Praqada 0:1 hesabıyla uduzduq. Bakıdakı oyunda da hesabı açmağa nail olmuşduq, amma gücümüz çatmamışdı. Bizim üçün ağır idi, ilk dəfə belə yüklənirdik. Amma bunlara baxmayaraq, uşaqları indi də təbrik edirəm, böyük iş bacarmışdıq.

- “Skonto” üzərindəki qələbəni məşqçi karyeranızın ən yaxşı anı kimi qiymətləndirmək olar?

- Yox, belə qələbələr çox olub. SSRİ vaxtında “Neftçi”də baş məşqçi olanda 14-cü yerdə komandanı götürüb, 6-7-ci sıraya yüksəltmişdim. Hər oyunu udmağı fikirləşirdik, əsas olan, istədiyimizə nail olmaq idi. Məşqçi işi belədir, yaxşı anların da olur, pis də. Düzdür, SSRİ-nin öz qayda-qanunları var idi. “Skonto” qələbəsi Azərbaycanın tarixinə yazılan bir uğur idi. Qismət oldu da, şükür Allaha (komanda.az).

Xəbər Lenti