Olimpiadanın faş etdiyi dünənki problem - Gələcəyi necə xilas edək?

11 Avqust 2021 13:00 Tokio-2020 1 570
Olimpiadanın faş etdiyi dünənki problem - Gələcəyi necə xilas edək?

Azərbaycan 1996-cı il Atlanta olimpiadasından sonra ən pis nəticəni Tokioda göstərdi.

25 ildən sonra “qızıl” üzünə həsrət qaldıq.

Təsadüfdür? Hakim səhvlərinə görə oldu? Pandemiyanın günahı idi? Dövlətin qayğısı azalmışdı? Yox, yox, bir də yox...

Görünürdü, bilinirdi belə olacağı

Əslində bizi belə durumun gözlədiyi lap əvvəldən bəlli idi. “İdman ölkəsi” statusuna iddia edən Azərbaycanda idmanın inkişaf strategiyası yox idi. Yəni bünövrə atılmamışdı, amma hündürmərtəbəli bina inşa olunurdu. Bir, iki, üç mərtəbə tikildi. Və dördüncü mərtəbəyə çatanda divarlar tab gətirmədi. Görünürdü, bilinirdi belə olacağı. Amma görmədilər, bilmədilər. Kimlər? Azərbaycanın idman təsərrüfatına rəhbərlik edənlər. “Bu gün nəticə varsa, bəsdir” düşüncəsi ilə idarə olundu idman təsərrüfatı. Sabahın bünövrəsi qurulmadı, keyfiyyət yox, kəmiyyət əsas oldu.

Legionerləşdirmə ilə başlayan səhv

Gənclər və İdman Nazirliyinin, federasiyaların ən böyük səhvi legionerləşdirməni prioritet hədəf kimi qəbul etmələri oldu. Azərbaycanda yerli idmançıların yetişdirilməsi üçün infrastruktur qurmaq əvəzinə, xaricdən legionerlər gətirib nəticə verməyi üstün hesab etdi idarəçilər. Bəzi idman növlərində, bəlkə də legionerlərin dəvət edilməsi bir ara tələbata çevrilmişdi. Məsələn, güləşdə ağır çəkili idmançılar sarıdan Azərbaycan həmişə “axsayıb”. Bu çəkilərə əcnəbi idmançıların gətirilməsi, əslində yerli idmançıların yetişdirilməsinə stimul olmalı idi. Ancaq sonradan legionerlər az qala bütün çəkiləri “işğal” etdilər. Üstəlik, təkcə bir-neçə yox, bütün idman növlərində legionerləşdirmə kütləvi hal aldı. Olduqca təhlükəli tendensiya idi. Sabah “partlayış” olacağı görünürdü. Amma kim idi sabahı düşünən. Nazirlik də, federasiya rəsmiləri də, məşqçilər korpusu da bu gün nəticə verib “sağ ol” eşitmək, mükafat almaq həvəsində idilər. Buyurun, bu da sizə mükafat.

“Əsas iştirakdır” prinsipi əhəmiyyətsizdir

Ardınca daha bir səhvə yol verildi: olimpiya oyunlarında daha çox idman növlərində təmsil olunmaq. Yəni Azərbaycan üçün ənənəvi olan, beynəlxalq yarışlarda medal qazandığımız idman növlərinə daha çox yatırım etmək əvəzinə, bizə yad olan növlərə də “tamah” saldıq. Yəni ABŞ, Rusiya olmaq istədik idman sahəsində. Olimpiadaya göndərdiyimiz idmançıların sayı artdı, daha çox idman növündə təmsil olunmağa başladıq. Amma medalları yenə də ənənəvi idman növlərində - cüdoda, güləşdə, boksda qazanırdıq. “Tamah” saldığımız idman növlərində olimpiadalara göndərdiyimiz idmançılar isə aşkar autsayder olurdular. Rəsmilər isə nəticə çıxartmırdılar. Olimpiadalarda “əsas iştirakdır” prinsipi çoxdan əhəmiyyətini itirib. İndi ölkələrin bəlli strategiyası var: hər biri özünə xas idman növünə yatırım edir və nəticə qazanır. Məsələn, Yamayka üçün prioritet hədəf yüngül atletikadır. Bu ölkə hər olimpiadada 4-5 qızıl medal qazanır, hamısı da yüngül atletikada. Yamaykanın olimpiya oyunlarında velosipedçisi, üzgüçüsü, güləşçisi, cüdoçusu olmur. Amma bu o demək deyil ki, bu ölkədə həmin idman növləri yoxdur. Var, sadəcə, inkişaf etməyib. Amma Yamayka idmanına məsul şəxslər həmin idman növlərində təmsil olunmaq üçün, məsələn, Azərbaycandan güləşçi, cüdoçu, Avstraliyadan üzgüçü gətirmirlər. Nə vaxtsa yetişəcək yerli idmançının yolunu gözləyirlər. Əvəzində özlərinə xas olan idman növünə ciddi yatırım edirlər, standartlara cavab verən infrastruktur qururlar və nəticə də əldə edirlər.

Şərifov neçə azərbaycanlının yolunu kəsib?

Azərbaycanda isə ənənəvi olmayan idman növlərini legionerləşdirməklə yanaşı, özümüzə xas olan növləri də əcnəbilərin nəzarətinə veririk. Bu tendensiya bilirsiniz nə qədər vəsait tələb edir? Bu illər ərzində legioner idmançıların ölkədən çıxardığı valyutanın miqdarını hesablasaq, gözlər bərəlmiş olar. Üstəlik, legionerlər uzun illər ərzində burda qalmaqla neçə-neçə istedadlı yerlinin qarşısını kəsməli olur. Məsələn, Tokioda güləşmək həvəsi olmayan Şərif Şərifov neçə azərbaycanlı idmançının karyerasını başlamamış bitirməsinə səbəb olub? Hələ onu demirik ki, Şərifovun burda aldığı aylıq məvacib yerli idmançının aldığını dəfələrlə üstələyir. Bu da rəqabətin pozulması, balansın itməsi deyil, nədir?

Rusiyanın 4-5-ci dərəcəli idmançılarını da yetişdirə bilmirik?

Daha bir problem: Heç bir ölkə özünün əsas idmançısını başqa yerə buraxmaz. Deməli, Azərbaycana gələn legionerlər, həmin ölkələrin, hətta 3-cü yox, 4-5-ci dərəcəli idmançılarıdır. Məhz bu səbəbdəndir ki, dağıstanlı legionerlərimiz rusiyalı idmançılarla qarşılaşarkən (Rusiyanın güləş yığmasının əsasını qafqazlılar təşkil edir) əksər hallarda məğlub olurlar. Eləcə də, Kubadan gətirilmiş boksçular, rinqdə öz həmvətənləri ilə üz-üzə gələrkən, məğlub olacaqlarını bilirlər. Yəni Azərbaycan ənənəvi idman növlərində də Rusiyanın, Kubanın 4-5-ci dərəcəli idmançılarını yetişdirmək iqtidarında deyil? Təəssüf ki, deyil.

Olimpiya komplekslərinin ixtisaslaşması
Amma belə olmamalı idi axı. Nəhəng SSRİ-nin əsas güləş məktəblərindən sayılan Azərbaycan bu gün dağıstanlı idmançılara möhtac qalmamalı idi. Harada səhv buraxıldı? Nə düzgün edilmədi? Əslində sual belə olmalıdır: Nəyi düz etdik ki? Ölkənin əksər rayonlarında olimpiya kompleksləri tikildi. Amma bu komplekslər idmançı yetişdirməklə yox, əyləncə xətrinə futbol oynamaq istəyənlərin tələblərini yerinə yetirməklə məşğul oldu. Olimpiya kompleksləri tikilərkən araşdırma aparmaq vacib idi. Azərbaycanın hər bir rayonunun özünəxas idman ənənələri var. Məsələn, bir rayonda güləşçilər daha çox yetişirsə, digərindən ağır atletlər, o birindən futbolçular, bir başqasından boksçular çıxır. Deməli, olimpiya komplekslərini tikməzdən əvvəl araşdırma aparılmalı, ixtisaslaşma olmalı idi. Yəni əgər Astaradan daha çox ağır atlet çıxırsa, deməli, orda tikilən kompleks, əsasən bu təyinatlı olmalıdır. Üstəlik, bu ixtisaslaşma bütün rayonu əhatə etməlidir. Yəni rayonun kənd və qəsəbələrində də kiçik idman zalları olmalı və mərkəzdəki olimpiya kompleksi ilə əlaqəli şəkildə fəaliyyət göstərməlidir. Beləcə, məsələn, Masallıdakı olimpiya kompleksi güləş, Sabirabaddakı boks təyinatlı olmalı idi. Azərbaycanın qəsəbə və kəndlərində potensial güləşçilər, cüdoçular, ağır atletlər yüzlərlə yox, minlərlədir. Amma onların idmanla məşğul olması üçün heç bir infrastruktur yoxdur.

Gənclər və İdman Nazirliyi ilə Təhsil Nazirliyi istəyərsə...

Bunun üçün isə böyük vəsait də tələb olunmur. Sadəcə, Gənclər və İdman Nazirliyi ilə Təhsil Nazirliyin birgə əməkdaşlığı, işləmək həvəsi yetərlidir. İndi ölkənin hər kəndində yeni məktəblər inşa olunur. Bu müasir məktəblərdə idman zalları da qurulur. Gənclər və İdman Nazirliyi, federasiyalar məktəblərin idman zallarında kiçik yenidənqurma işləri aparsalar, o zalları avadanlıqla təmin etsələr, infrastruktur məsələsi həllini tapmış olar. Qalır, kadr məsələsi – məşqçiləri tapmaq, onları məvaciblə təmin etmək. Rayonlarda vaxtilə idmanla məşğul olmuş, respublika səviyyəli yarışlarda nəticələr qazanmış xeyli mütəxəssis var ki, iş tapmaqda çətinlik çəkirlər. Nazirlik və federasiyalar o mütəxəssisləri prosesə cəlb etməli, onların iş metodunu təkmilləşdirmək üçün təlimlər təşkil etməlidirlər. Bütün bu proseslər o qədər də çox vəsait tələb etmir. Sadəcə il ərzində 3-4 legionerə verilən məvacib və mükafat bəs edər ki, Azərbaycanın əksər qəsəbə və kəndlərində idman həyatını canlandırmaq mümkün olsun. Özü də bunu əksər idman növlərində, o cümlədən futbol və voleybolda da tətbiq etmək çox asandır. İdman həyatı canlanarsa, idmançı da yetişər. İdmançı yetişərsə, əcnəbiyə möhtac olmarıq. Necə deyərlər, çörəyimizi yada verib, yadın qələbəsinə çəpik çalmarıq. Dünən buraxılan səhvin bədəlini bu gün ödədik. Barı sabahımızı qoruyaq. Özümüz üçün quraq, özümüzə güvənək.

P.S. Yazıda irəli sürdüyümüz təklifi daha geniş – layihə halında işləmək olar. Onu da bilirik ki, nə Gənclər və İdman Nazirliyində, nə də federasiyalarda bunu bacaracaq kadr yoxdur. İşdir, rəsmilərin, ölkə idmanını düşdüyü quyudan çıxartmaq həvəsləri olsa, müraciət edərlərsə, təklifləri geniş layihə halında hazırlamaqda onlara yardımçı ola bilərik.

Natiq Muxtarlı

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"