"İstəmərəm ki, ədalətsiz danışım" - Hacı Əliyev

7 Avqust 2021 22:40 Tokio-2020 909
"İstəmərəm ki, ədalətsiz danışım" - Hacı Əliyev

Azərbaycan güləşçisi Hacı Əliyev (65 kq.) Tokio-2020-də finalda uduzaraq gümüş medal qazanması barədə danışıb.

Sportinfo.az xəbər verir ki, idmançımız rəqibin fiziki cəhətdən zəif olduğunu bildirib: "Rəqib fiziki cəhətdən zəif idi. Mən isə final görüşü üçün yaxşı fikirləşmişdim, hər şeyi düzgün qurmuşdum. Bunu döşəkdə də hiss edirdim. Amma rəqib sonuncu saniyələrdə ayağıma girdi. Görüş ərzində 5-6 dəfə ayağıma girmək istədi. Amma yaxşı müdafiə olundum və ayağımı vermədim. Sonda isə ayağımı verdim. Ancaq rəqib heç nədən görüşü saxlayırdı. Güya ki, zədə almışdı. Tez-tez görüşü saxlayır və güləşə zidd hərəkətlər edirdi. Kəllə vururdu və cırmaq atırdı. Qızıl medal üçün hər şeyi etmişdim, çox əziyyət çəkmişdim. Demək qismətimizdə bu var imiş".

Hacı hakimin qərarlarından razı qalıb-qalmadığı barədə sualı belə cavablandırıb: "Məncə hakim haqsız deyildi. Mən istəmərəm ki, ədalətsiz danışım. Rəqib axıra yaxın qaçırdı və bir xal fərqi ilə məğlub oldum. Əlimdən gələni etdim".

30 yaşlı güləşçimiz Tokio-2020-nin onun qatıldığı son Olimpiya Oyunları ola biləcəyini də deyib: "Neçə illərdir ki, mənə güləşdə verilən tapşırığı layiqincə yerinə yetirirəm. Bəlkə də bu, son olimpiadamdır. Amma təəssüflənmirəm. Medal qazana bilməyən idmançılarımız da oldu".

İdmançımız finalda akuto Otoquro (Yaponiya) ilə qarşılaşaraq 4:5 hesabı ilə uduzub və gümüş medalla kifayətlənib.

Xəbər Lenti