
Azərbaycan güləşçisi Şərif Şərifov (97 kq) Tokio Olimpiadasında təsəlliverici mərhələdə mübarizəyə başlayıb. Olimpiya çempionumuz Gürcüstan pəhləvanı Elizbar Odikadze ilə qarşılaşıb.
Şərif Avropa çempionatlarının 6 dəfə bürünc mükafatını qazanmış 32 yaşlı təcrübəli rəqibinə qalib gəlib. İlk yarını 2:1 hesabı ilə öndə bitirən Şərifov, 2-ci hissədə çətin anlar yaşayıb. Odikadze hətta hesabda irəli də çıxıb. Amma sonda qələbə güləşçimizin olub -7:5.
İndi Şərif kubalı Reyner Salası da məğlub edərsə, olimpiadanın bürünc mükafatına layiq görüləcək.
Xatırladaq ki, Şərif Tokio-2020-də ilk görüşdə rusiyalı 4 qat dünya və Avropa çempionu, Rio Olimpiadasının qalibi Abdulraşid Sadullayevə uduzub. Sadullayev finala yüksəldiyindən Şərif də təsəlliverici görüşlərə qatılmaq imkanı qazanıb.
SPORTİNFO.AZ