Yığmamızın baş məşqçisi: "Səbəblər araşdırılacaq"

7 Avqust 2021 13:20 Tokio-2020 846
Yığmamızın baş məşqçisi: "Səbəblər araşdırılacaq"

Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc medal qazanan boksçumuz Alfonso Dominges Bakıya qayıdıb.

Kubalı legioneri Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Boks Federasiyasının və idman ictimaiyyətinin nümayəndələri, həmçinin idmançının yaxınları qarşılayıb.

81 kq çəki dərəcəsində bürünc medal qazanan Dominges hisslərini belə ifadə edib:

“Medal qazandığım üçün çox sevincliyəm. Məqsədim olimpiya çempionu olmaq idi. Yarışa da yaxşı başlamışdım. İlk görüşdə dünya ikincisi olan özbəkistanlı Dilşotbek Ruzmetovla ağır döyüşdə qələbə qazandım.

Ardınca türkiyəli Bayram Malkanı da məğlub etdim. Yarımfinalda yaxşı tanıdığım Arlen Lopezlə qarşılaşdım. Olimpiya və dünya çempionu ilə qarşılaşma mənim üçün yaxşı başlamışdı. Lakin bunu sonadək davam etdirə bilmədim.

Daha təcrübəli olan rəqib finala adladı. O, həlledici görüşdə mənim Avropa Oyunlarında məğlub etdiyim böyük britaniyalı Benjamin Uittakerə qalib gələrək növbəti dəfə Olimpiadanın qızıl medalçısı adına yiyələndi.

Tokio-2020-də mükafatçılar sırasına düşdüyüm və Yaponiya paytaxtında Azərbaycan bayrağını dalğalandırdığım üçün qürurluyam. Bununla kifayətlənməyəcəm. Əsas hədəfim növbəti yarışlarda da uğurlu çıxış edib, daha çox titul qazanmaqdır. İnanıram ki, bunu bacaracağam”.

Milli komandamızın kubalı baş məşqçisi Umberto Orta isə Alfonso Domingesin bürünc qazanmasını onun əzmkarlığı ilə izah edib.

Kubalı mütəxəssis digər boksçuların medalsız qalmasının səbəblərinin araşdırılacağını, səhvlərdən nəticə çıxarılacağını vurğulayıb.

Xatırladaq ki, boks millimiz Tokio-2020 Olimpiya Oyunlarına 5 idmançı ilə yollanıb, 1 bürünc medal qazanıb.

SPORTİNFO.AZ

Xəbər Lenti