TOKİO-2020: Azərbaycan olimpiadanı 8 medalla bitirə biləcəkmi?

7 Avqust 2021 12:45 Tokio-2020 1 327
TOKİO-2020: Azərbaycan olimpiadanı 8 medalla bitirə biləcəkmi?

Azərbaycan idmançıları bu gün Tokio Olimpiadasında çıxışlarıın başa vurur.

Yarışda iştirak edən 44 olimpiyaçımızdan mübarizəni davam etdirən son 4 idmançımız qalıb. Onlardan ikisinin medal qazanacağı dəqiqləşib.

İkji güləşçimiz isə bürünc medal uğrunda mübarizə aparacaq. Qadın güləşinin əfsanəsi Mariya Stadnik (50 kq) ardıcıl 4-cü Olimpiya Oyunlarında medal qazanmaq üçün Monqolustan pəhləvanı Namunseqseq Soqt Oxirə qalib gəlməlidir.

Stadnikin bürünc medal uğrunda görüşü Bakı vaxtı saat 15:55-də başlayacaq. Qeyd edək ki, Mariya Pekin-2008-də bürünc, London-2012 və Rio-2016-da isə gümüş medal qazanıb.

Bürünc medal qazanmaq şansı olan digər güləşçimiz - olimpiya çempionu Şərif Şərifov (97 kq) isə Stadnikdən fərqli olaraq 3-cü yeri tutmaq üçün iki görüşdə qalib gəlməlidir.

O, əvvəlcə təsəlliverici mərhələdə təcrübəli gürcü idmançısı Elizbar Odikadzeyə qalib gəlməlidir. Daha sonra Şərif kubalı Reyner Salası da məğlub edərsə, olimpiya bürüncünə layiq görüləcək. Şərifin Odikadze ilə qarşılaşması Bakı vaxtı ilə təxminən 13:45-də başlayacaq.

Üçqat dünya çempionumuz Hacı Əliyev (65 kq) isə Azərbaycana olimpiya qızılını qazandıra bilər. Bunun üçün Hacı Bakı vaxtı ilə 14:30-da başlanacaq final görüşündə yaponiyalı dünya və ikiqat Asiya çempionu Takuto Otoquroya qalib gəlməlidir.

Çempionluq şansını saxlayan digər idmançımız - karateçi İrina Zaretska (+61 kq) yarımfinala çıxmaqla artıq özü üçün minimum bürünc medalı təmin edib. O, Bakı vaxtı ilə saat 14:20-də çinli Gonq Li ilə yarımfinal döyüşünə çıxacaq.

Beləliklə, adıçəkilən 4 idmançımızın hamısı məqsədinə çatarsa, Azərbaycan Tokio Olimpiadasını 8 medalla başa vuracaq.

Xatırladaq ki, əvvəlki günlərdə idmançılarımızdan İrina Kindzerska (cüdo), Rafiq Hüseynov (Yunan-roma güləşi), Alfonso Dominges (boks) bürünc, karateçi Rafael Ağayev isə gümüş medal qazanıb.

SPORTİNFO.AZ

Xəbər Lenti